Bakı. Trend:
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Martin Ryan tərcüməçi və müdafiəçi ilə təmin edilib. Həmçinin Martin Ryan şüşə qəfəsdən çıxarılaraq tərcüməçisinin yanında əyləşdirilib.
Məhkəmədə Fransa və Böyük Britaniyanın səfirliklərinin nümayəndələri də iştirak edib.
Hakim təqsirləndirilən şəxslərə hüquq və vəzifələrini izah edib.
Daha sonra prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Martin Ryan 25 aprel 1988-ci ildə Klermon-Ferran şəhərində anadan olub, ali təhsillidir. Fransada Monpelye 3 Universitetini “beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət” ixtisası üzrə üzrə bitirib. O, əvvəllər məhkum olunmayıb və subaydır.
Azərbaycanda sahibkarlıqla məşğul olub. Azərbaycana xaricdən şərab tədarük edib.
Məhkəmədə o da qeyd edilib ki, Martin Ryan Fransa vətəndaşı olmaqla yanaşı, Böyük Britaniyanın da vətəndaşıdır.
Martin Ryanla birgə həbs edilən Azad Məmmədlinin də anket məlumatları dəqiqləşdirilib.
Bildirilib ki, Azad Məmmədli 1995-ci il anadan olub, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib. Magistr təhsilini isə Fransada alıb.
Azad Məmmədli 2019-2023-ci illərdə Beynəlxalq Bankın hüquqşünası olub, daha sonra Böyük Britaniyaya köçərək orda çalışıb. Azərbaycana qayıdandan 2 ay sonra həbs edilib.
Azad Məmmədlinin vəkili vəsatətlə çıxış edərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.
Martin Ryanın vəkili isə cinayət işinin açıq məhkəmə iclası ilə baxılmasını istəyib:
"Həm vəkil, həm də Azərbaycan vətəndaşı kimi bu cinayət işinin açıq məhkəmə iclasında baxılmasının tərəfdarıyıq. Əgər qapalı proses olsa müvəkkilimin vətəndaşı olduğu ölkənin nümayəndələrini iştirak edə bilməyəcək. Həmçinin qoy səfirlik nümayəndələri görsünlər ki, Azərbaycanın məhkəmə zallarında məhkəmə prosesləri necə şəffaf formada keçirilir".
Məhkəmə baxışı 2025-ci ilin yanvarın 6-na təyin edilib.
Məhkəmə iclası açıq məhkəmə baxışında baxılacaq. A.Məmmədlinin vəkilinin ev dustaqlığı ilə bağlı verdiyi vəsatət təmin edilməyib.
Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.