Bakı. Trend:
Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün 66 mindən çox müşahidəçi akkreditasiyadan keçib.
Trend xəbər verir ki, bunu yanvarın 11-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətbəədə çapına başlanması prosesi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, onların arasında 26 mövcud partiyadan 23-nün müşahidəçiləri də var:
“Müşahidəçilərin nəzarəti altında proseslər həyata keçiriləcək. Məntəqə seçki komissiyasının protokolları əsasında dairə seçki komissiyalarının protokolları tərtib edilib 2 gün müddətində MSK-ya təqdim olunmalıdır. Bundan sonra da MSK maksimum 20 gün müddətində bütün daxil olan sənədləri araşdıracaq. Əgər hansısa müraciətlər daxil olsa, onlar da açıq şəkildə araşdırılacaq. Makimum 20 gün müddətində bu proseslər yekunlaşacaq”, - deyə M.Pənahov vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.