Bakı. Trend:
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycana rəsmi səfər edəcək.
Trend ölkənin XİN-ə istinadən xəbər verir ki, bu barədə Boçorişvilinin Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyevlə keçirdiyi görüş zamanı məlum olub.
“Görüşdə tərəflər ölkələrin qarşılıqlı gündəmində olan aktual məsələləri müzakirə ediblər. Bu kontekstdə, Gürcüstanın xarici işlər nazirinin Azərbaycana gözlənilən rəsmi səfəri məsələsinə, o cümlədən iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası Komissiyanın 10-cu iclasının Bakıda keçirilməsinə xüsusi diqqət ayrılıb”, - Gürcüstan XİN məlumatında deyilir.
Nazir Gürcüstan və Azərbaycan arasında bir çox istiqamətləri ehtiva edən münasibətlərin strateji əhəmiyyətini vurğulayıb
Qeyd olunur ki, görüşdə ticari-iqtisadi, nəqliyyat və energetika sahələrində uğurlu əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib.
Ayrıca olaraq regionun sabitlik və sülh prinsipləri əsasında inkişafının təmin olunması ilə bağlı məsələlər müzakirə olunub. Hər iki tərəf strateji əməkdaşlığın daha da möhkəmlənməsinə və ona daha yüksək dinamikanın verilməsinə hazırlıq ifadə edib.