Bakı. Trend:
Erməni diasporunun güclənməsindən sonra Azərbaycanla Fransa arasında münasibətlər korlanmağa başladı.
Trend xəbər verir ki, bunu bu gün Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında “Conflicts” jurnalının direktoru Gil Mihaeli deyib.
Mihaeli vurğulayıb ki, Azərbaycanın Qərblə əlaqələrinin möhkəmlənməsi üçün əsas vasitələrdən biri, əlbəttə ki, enerjidir.
"1990-cı ildə Azərbaycan və Fransa arasında münasibətlər müqavilənin təsisçilərindən birinə çevrilmiş Total şirkətinin iştirakı sayəsində mühüm irəliləyiş əldə etdi. TotalEnergies ölkədə 1996-cı ildən fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda Fransız Liseyi açılıb və Azərbaycan mədəniyyəti, xüsusən də opera sənəti xüsusilə son onilliklərdə geniş tanınıb", - o bildirib.
O qeyd edib ki, daha sonra erməni diasporu öz mövqelərini gücləndirib və bu, onlara öz gündəmlərini irəli aparmağa imkan verib.
"1990-cı illərdən sonra erməni diasporu Fransa siyasətçiləri ilə əlaqələri gücləndirərək siyasi və sosial sahədə öz gündəmini fəal şəkildə təbliğ etməyə başladı. Lobbi qrupları gücləndi, geosiyasi vəziyyət daha da pisləşdi", - o bildirib.
Qeyd edək ki, Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzulu beynəlxalq konfrans keçirilib.
Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, “Côte d'Azur” universitetindən olan ictimai hüquq üzrə professor Kristian Vallar, Azərbaycan Milli Məclisinin millət vəkili Tural Gəncəliyev, “Musulmans en France" fransız xəbər portalının təsisçisi və baş redaktoru, Parisin “La Gazette du Caucase” internet-qəzetinin baş redaktoru Jan-Mişel Brün və başqaları iştirak ediblər.