...

USAID erasına son qoyulur: Korrupsiya şəbəkəsi formalaşdıran təsisatın ləğvi ümumbəşəri maraqlara cavab verir – ŞƏRH

Siyasət Materials 8 Fevral 2025 21:29 (UTC +04:00)
USAID erasına son qoyulur: Korrupsiya şəbəkəsi formalaşdıran təsisatın ləğvi ümumbəşəri maraqlara cavab verir – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bəlli olduğu kimi, bir sıra Qərb qurumları, o cümlədən Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) dünyada çeşidli çirkli prosesləri idarə edib, yaxud bu prosesə qoşulub. Elə son vaxtlar USAID barədə ortaya qoyulan faktlar da bunu bir daha təsdiqləyir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrün USAID-in fəaliyyət tarixində ən biabırçı dövr olacağına şübhə yeri qalmır:

“Çünki USAID-in dünya üzrə maliyyələşdirdiyi bəzi layihələri xatırlatmaq vəziyyətin necə dramatik olduğuna işarə edir. Məsələn, Əfqanıstanda irriqasiya kanallarının yaradılması və gübrənin alınmasında USAID yaxından iştirak edib. Xatırladım ki, bu sistem narkotik istehsalında daha çox istifadə olunub. Eyni zamanda USAID-in adı “Əl-Qaidə” təşkilatı üçün 10 min porsiya yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklyuzivliyin irəliləməsi və s. bu kimi çirkin işlərə milyonlarla dollar vəsait ayrılması məsələsində də hallanıb”.

V.İskəndərov bu təşkilat barədə bir məqamın üzərində xüsusilə dayanmağı vacib sayır:

“Son məlumatlara görə, USAID dünya üzrə 707 media, 6 200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT maliyyələşdirib. Yəqin niyə məhz bu məqamın üzərində dayandığım sual oluna bilər. Məsələ burasındadır ki, Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən başlayaraq bu günə kimi həmçinin müharibə vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı çirkin kampaniya aparılıb. İndi isə həmin kampaniyanın arxasında kimin durduğunu söyləmək heç də çətin deyil”.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov isə Trend-ə açıqlamasında bildirib ki, USAID proqramları cəmiyyətlərin dəyərlərinə müdaxilə yolu ilə həyata keçirilib:

“Məlumdur ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi Marşal planı çərçivəsində ötən əsrin ortalarında kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya, humanitar yardıma dəstək məqsədilə yaradılan, uzunmüddətli iqtisadi və sosial inkişafa yönələn nəhəng təsisatdır. Lakin reallıqda USAID bu məqsədlər altında daha çox dövlətlərin asılılığa salınması istiqamətində proqramlara fokuslanıb.

Məsələn, Əfqanıstanda narkotik istehsalı məqsədilə irriqasiya kanallarının yaradılması və gübrənin alınması, “Əl-Qaidə” təşkilatı üçün ketrinq xidmətləri, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuzikl, Qvatemalada cinsin dəyişdirilməsi və LGBT fəallığının artırılması kimi layihələrlə dəyərləri dağıdaraq daxildən həmin ölkələri zəbt etmək, eyni zamanda Serbiya, Vyetnam, Misirdə və digər inkişaf etməkdə olan coğrafiyalarda müəyyən layihələrin maliyyələşdirilməsi ilə korrupsiya şəbəkəsi formalaşdırıb, hətta bəzi regionlarda münaqişələrin alovlandırılmasını təşviq etməkdə olub”.

Deputat vurğulayıb ki, xüsusən Açıq Cəmiyyət institutunun yetirməsi olan və Sorosun dəstəyi ilə karyera quran Samanta Pauerin USAID-ə rəhbər təyin olunması isə təsisatın fəaliyyətini daha da radikallaşdırıb:

“O cümlədən Vətən müharibəsi və antiterror tədbirləri dövründə Samanta Pauer özü və USAID açıq formada tərəf kimi davranıb. Ötən il USAID-in Ermənistana 5 illik yardım paketini 2 dəfə artırması da məhz bu çərçivədə qiymətləndirilməlidir. Lakin bölgədə artıq elə bir reallıq yaranıb ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin proseslərə hər hansı formada köklü təsir etmək imkanı minimuma enib, xüsusən Azərbaycan vətəndaş cəmiyyəti institutlarında həyata keçirilən şəffaflaşma və sağlamlaşma fonunda təsisatın Azərbaycan cəmiyyətinə təsiri mümkünsüzdür.

USAID erasına son qoyulması onu göstərməkdədir ki, Tramp iqtidarı bu təxribatçı təşkilatın Vaşinqtonun maraqlarına cavab vermədiyi qənaətindədir. Cənab Tramp da yaxşı anlayır ki, bu maraqları bölgənin zəif bəndi olan Ermənistanla əməkdaşlıq zəminində formalaşdırmaq mümkün deyil. Yaxud dövlətlərin daxilində QHT-lər və ya media təsisatları yaratmaq, yaxud 5-ci kolona çevirməklə ABŞ-nin nəyəsə nail olması mümkünsüzdür. Təsəvvür edin, müəyən edilən son məlumatlar göstərir ki, USAID dünya üzrə 700-dən çox media, 6 200-dən artıq jurnalist və 300-ə yaxın media sferasına dair QHT maliyyələşdirib və zaman-zaman vahid tezislərlə onları öz niyyətlərinin alətinə çevirib”.

B.Məhərrəmov təşkilatın Azərbaycandakı proseslərə müdaxiləsindən də söz açıb:

“Sirr deyil ki, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən, Laçın yolunda ekoloqların aksiyalarından Vətən müharibəsinə, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesindən COP29-dək beynəlxalq mediada ölkəmiz əleyhinə aparılan çirkin kampaniya da məhz bu konfiqurasiyanın məhsuludur, lakin bununla Vaşinqton bölgədə nəyəsə nail olubmu? Eləcə də digər coğrafiyalarda bərabərhüquqlu tərəfdaşlıqlar USAID-in təxribatçı və ayırıcı xətlər təşviq edən konfiqurasiyasından çox daha üstündür. Bu mənada, USAID-in ləğvi əslində ümumbəşəri maraqlara cavab verir”, - deyə deputat fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti