...

Azərbaycanın Çinlə bütün sahələrdə təmaslarının güclənməsi qlobal və regional layihələrin həyata keçirilməsində mühüm rol oynayır – ŞƏRH

Siyasət Materials 13 Fevral 2025 17:19 (UTC +04:00)
Azərbaycanın Çinlə bütün sahələrdə təmaslarının güclənməsi qlobal və regional layihələrin həyata keçirilməsində mühüm rol oynayır – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bir sıra aktual məsələlərə toxundu və mühüm mesajlar verdi. Dövlət başçısının sözügedən müsahibəsi həm də növbəti dəfə Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatı oldu.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, dövlət başçısı müsahibəsində Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək qiymətləndirib:

“Azərbaycan həmişə Çinlə əlaqələrə böyük önəm verir. Ötən dövr ərzində bu əlaqələr yüksələn xətlə inkişaf edib. Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb. Hazırda Azərbaycan-Çin münasibətləri özünün inkişaf dövrünü yaşayır. 2024-cü ildə dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlıq haqqında sənəd ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açıb”.

Deputat xatırladıb ki, bu yaxınlarda Azərbaycana səfər etmək istəyən Çin vətəndaşları viza almaq tələbindən azad edilib.

“Hazırda ölkəmizə gələn Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Dövlət başçısı müsahibəsində bu məsələyə toxunaraq bildirdi ki, ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Bu da turistlərin sayını artıracaq, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına yol açacaq”, - deyə S.Salmanova qeyd edib.

Milli Məclisin deputatı Ramid Namazov isə Trend-ə açıqlamasında Prezident İlham Əliyevin CGTN telekanalına müsahibəsində toxunduğu məsələlərə diqqət çəkib:

“Müsahibədə yeni beynəlxalq münasibətlər sistemində regionun güc mərkəzinə çevrilən Azərbaycanın strateji yeri və fəal rolu, qlobal inteqrasiya proseslərində əldə etdiyi misilsiz nailiyyətlər, o cümlədən, Çinlə artan iqtisadi-siyasi təmasların bölgəyə gətirdiyi yeni potensiallar və digər mühüm məqamlara toxunulub. Prezident İlham Əliyevin cavablandırdığı sualların hər biri müasir dünya reallıqlarına obyektiv baxışı əks etdirməklə yanaşı, cəsarətli liderin siyasi keyfiyyətlərini əks etdirmiş olur”.

Millət vəkili xatırladıb ki, Azərbaycan-Çin münasibətlərinin möhkəm təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

“Prezident İlham Əliyevin müdrik siyasəti və strateji yanaşması ilə bu əlaqələr daha da inkişaf edərək genişlənib. Azərbaycan və Çin liderlərinin dost münasibətləri və siyasi iradələri sayəsində 2024-cü il iyulun 3-də iki ölkə arasında əməkdaşlığın gələcəyini müəyyən edən əsas sənəd ‒ “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul edilib.

BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikasının rəsmi strateji tərəfdaşına çevrilən ölkəmizin ikitərəfli siyasi dialoqa verdiyi töhfələr, eyni zamanda, bütün region dövlətlərinə də faydalar gətirir. Azərbaycanın Çinlə bütün sahələrdə təmaslarının güclənməsi qlobal və regional layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrimiz arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq mövcuddur və bu əlaqələr Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqazda sabitliyə və sülhə yeni ruh gətirir”, - deyə R.Namazov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti