...

"Sülh" çağırışları edən Paşinyanın real addımları tamamilə fərqli mənzərə yaradır - Azər Qarayev

Siyasət Materials 13 Fevral 2025 18:32 (UTC +04:00)
"Sülh" çağırışları edən Paşinyanın real addımları tamamilə fərqli mənzərə yaradır - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Sülh" çağırışları edən Ermənistanın baş naziri Nikol Paşinyanın real addımları tamamilə fərqli mənzərə yaradır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamalarında Qərbi Azərbaycana qayıdış konsepsiyasının Ermənistanın ərazi bütövlüyünə təhdid yaratdığını iddia edib. O, Azərbaycanı “eskalasiya siyasətindən əl çəkməyə” və “institusional sülh” imzalamağa çağırıb. Lakin bu bəyanatlar ziddiyyətlər və manipulyativ yanaşmalarla doludur.

İlk növbədə, Paşinyanın vurğuladığı “institusional sülh” anlayışı Ermənistanın sadəcə siyasi bəyanatlarda deyil, eyni zamanda, konstitusiya və digər normativ-hüquqi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanımasını tələb edir. Hazırda Ermənistan Konstitusiyası və müstəqillik bəyannaməsi hələ də Azərbaycanın suverenliyinə qarşı ərazi iddialarını ehtiva edir. Belə olan halda, “sülh” çağırışlarının real və davamlı nəticələr doğurması üçün ilk növbədə bu iddialar aradan qaldırılmalıdır", - o bildirib.

Onun sözlərinə görə, son dövrlərdə Paşinyan sülh danışıqlarına hazır olduqlarını bəyan etsə də, onun real addımları tamamilə fərqli mənzərə yaradır.

"Paşinyan hökuməti zaman-zaman Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirir. O, beynəlxalq ictimaiyyətin diqqətini çəkmək və Ermənistana əlavə dəstək qazanmaq üçün sülh çağırışları ilə çıxış edir. Lakin onun praktiki addımları bu ritorikanın yalnız bir pərdə olduğunu göstərir. Paşinyanın siyasətində əsas hədəf beynəlxalq ictimaiyyəti aldatmaq və Ermənistanı hərbiləşdirmək üçün vaxt qazanmaqdır. O, "sülh istəyirik" mesajı verərək, Azərbaycanın guya hərbi təhlükə yaratdığını iddia edir, eyni zamanda, Qərbdən silah almağa çalışır.

Paşinyanın son Fransa səfəri və bu ölkə ilə hərbi əməkdaşlıq istiqamətində atdığı addımlar ciddi narahatlıq doğurur. Paris artıq Ermənistana hərbi texnika və silah göndərməyə başlayıb. 2023-cü ilin sonlarından başlayaraq Fransa Ermənistana "CAESAR" özüyeriyən haubitsaları, zenit-raket kompleksləri və digər hərbi texnika göndərib. Fransa prezidenti Emmanuel Makron açıq şəkildə bildirib ki, Ermənistanı dəstəkləməyə davam edəcək. Makron hökuməti Ermənistanı regionda əsas tərəfdaşlardan biri kimi görür və onu silahlandırmaq siyasətini davam etdirir", - o bildirib.

Politoloqun sözlərinə görə, bu, heç bir halda regionda sülhə xidmət etmir, əksinə, vəziyyəti olduqca gənginləşdirir.

"Paşinyanın əsas məqsədi real sülh deyil, Ermənistanın hərbi potensialını gücləndirmək və gələcəkdə yeni təxribatlara hazırlaşmaqdır. O, beynəlxalq ictimaiyyətə sülh mesajları verməklə, əslində, vaxt qazanır və Ermənistanı silahlandırmaq üçün siyasi və diplomatik dəstək axtarışındadır.

Əgər o sülh sazişinin imzalanmasını istəsə idi, öhdəliklərə sadiq qalardı, ölkədə revanşist və separatçı ideyalardan imtinanı təmin edərdi, silahlanmaq əvəzinə sülh üçün çalışardı və xarici dövlətləri Cənubi Qafqazda gərginliyi artırmağa sövq etməzdi. Lakin Paşinyanın hazırkı siyasəti göstərir ki, Ermənistan rəhbərliyi sülhə deyil, yeni silah tədarükünə və Qərbdən hərbi-siyasi dəstək almağa yönəlib. Azərbaycan isə bu manipulyasiyalara baxmayaraq, bölgədə uzunmüddətli sabitlik və təhlükəsizliyin təmin olunması üçün prinsipial mövqeyini davam etdirir", - A.Qarayev bildirib.

Xəbər lenti

Xəbər lenti