Bakı. Trend:
Azərbaycanın dərinliklərində hərbi obyektlərə zərbələr endirmək barədə qərar qəbul olunmuşdu.
Trend xəbər verir ki, bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Arayik Harutyunyan bugünkü məhkəmə iclası zamanı sərbəst ifadəsində deyib.
“Raket və yaxud da artileriya qurğularından. Əsasən siyasi hərbi vertikal “Qarabağ müdafiə ordusu”nun “qərargah rəisi”ndən başlayırdı, yuxarıdan aşağı. Levon Mnatsakanyanın bir qədər əvvəl verdiyi ifadələrdən artıq mənə aydın oldu ki, istintaqın xəbəri var ki, o, hansı səlahiyyətlərə malik idi və nə edə bilərdi. Mən bilmirdim ki, kimin hansı səlahiyyətləri var, hansı silahlardan istifadə olunmalıdır, olunacaq və sair. Mən Onik Qasparyandan soruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o mənə dedi ki, bəli, Azərbaycanın hava limanarı bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarbağ tərəfindən endirililr”, - o bildirib.
Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməniəsilli təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.