Xankəndi: Trend:
Azərbaycanda “Konstitusiya və suverenlik ili” elan edilməsi münasibətilə mayın 7-də Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Qarabağ Universitetində Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: Azərbaycan konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktiki konfrans keçirilib.
Trend xəbər verir ki, konfransda Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının və Qarabağ Universitetinin əməkdaşları, tələbələr, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransdan əvvəl Ulu öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransın açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyinin tam bərpa olunmasından sonra Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetinin qarşısında duran əsas hədəflərdən söz açıb:
“Qarabağ Universiteti təkcə ali təhsil müəssisəsi kimi deyil, eyni zamanda bölgənin elmi və intellektual mərkəzinə çevrilmə istiqamətində də mühüm addımlar atmaqdadır. Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası ilə birgə keçirilən bu tədbir mədəni irsin öyrənilməsi və təbliği sahəsində birgə töhfə verməyə kömək olacaq. İlk tələbələrini qəbul etmiş Qarabağ Universiteti üçün də önəmlidir. Bu gün hamımız qürurluyuq ki, ümumilli liderimizin görmək istədiyi kimi bir Azərbaycanın vətəndaşlarıyıq”.
Ş.Bayramov çıxışında xüsusi olaraq vurğulayıb ki, universitetin fəaliyyətində ümummilli lider Heydər Əliyevin irsi, dövlətçilik prinsipləri və milli suverenlik ideyalarının təbliği əsas istiqamətlərdən birini təşkil edir:
“İşğaldan azad edilmiş ərazilərdə baş verən dirçəliş məhz Heydər Əliyev siyasətinin təntənəsidir. Onun rəhbərlik etdiyi bütün dövrlərdə həyata keçirtdiyi siyasətin nəticəsində Azərbaycan vətəndaşı və milli maraqları dayanıb. Nəticədə isə ulu öndər Azərbaycanı dünyaya tanıtmış oldu”.
Prezident Kitabxanasının direktoru Afət Abbasova çıxışında Qarabağ Universitetinin yaradılmasını tarixi zərurət kimi qiymətləndirib və bu ali təhsil müəssisəsinin Azərbaycanın elmi, mədəni və strateji hədəflərinə xidmət edəcək mühüm bir platforma olduğunu diqqətə çatdırıb. A.Abbasova həmçinin kitabxana-resurs bazalarının inkişafı, akademik nəşrlərlə əməkdaşlıq və tarixi irsin öyrənilməsi sahəsində Prezident Kitabxanasının Qarabağ Universiteti ilə gələcək əməkdaşlığa hazır olduğunu bildirib.
Universitetin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev “Milli suverenliyin bərpasında Heydər Əliyev irsi: təhlükəsizlik, idarəetmə və diplomatiya” mövzusunda çıxış edərək Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin müasir dövr üçün strateji əhəmiyyətini ətraflı şəkildə izah edib.
Prezident Kitabxanasının Qafqazşünaslıq üzrə direktor müşaviri Nazim Mustafa “Keçmişdən bu günə Qarabağ” mövzusunda etdiyi çıxışda regionun tarixi-siyasi keçmişinə ekskurs edərək, Qarabağın hər zaman Azərbaycan xalqının ayrılmaz parçası olduğunu qeyd edib və Qarabağda aparılan bərpa-quruculuq işlərinin tarixi ədalətin bərpası ilə yanaşı, milli yaddaşın və kimliyin yenidən möhkəmləndirilməsi baxımından da önəmli olduğunu xüsusi olaraq qeyd edib.
Çıxış edən natiqlər bildirib ki, Qarabağ Universiteti gələcəkdə həm yerli, həm də beynəlxalq səviyyədə elmi biliklərin paylaşım mərkəzinə və regionun dirçəlişinə töhfə verən mühüm intellektual bazaya çevriləcək.
Ardınca “Heydər Əliyev və Azərbaycanın suverenlik yolu” adlı videoçarx nümayiş etdirilib. Prezident Kitabxanası adından Qarabağ Universitetinə kitabların hədiyyə olunması ilə bağlı akt təqdim olunub və kitabların sərgisi keçirilib.
Sonda Qarabağ Universitetinin qarşısında xatirə fotoşəkili çəkilib.