...

Azərbaycan və Ermənistan arasında Birgə bəyannamənin imzalanması sülh müqaviləsinin yekunlaşdırılması prosesini işə sala bilər - Metyu Brayza

Siyasət Materials 8 Avqust 2025 17:00 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında Birgə bəyannamənin imzalanması sülh müqaviləsinin yekunlaşdırılması prosesini işə sala bilər - Metyu Brayza
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında Birgə bəyannamənin imzalanması sülh müqaviləsinin yekunlaşdırılması prosesini işə sala bilər.

Bunu Trend-ə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyü Brayza deyib.

“Şəxsən mən uzun illər ərzində hesab etmişəm ki, istənilən halda bu vəzifəni kimin tutmasından asılı olmayaraq, ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin yekunlaşdırılmasının son dərəcə mühüm əhəmiyyəti var. Və ümid edirəm ki, biz hazırda həmin anın yaxınlaşdığı mərhələdəyik, çünki Prezident Tramp bu gün Ağ Evdə Prezident İlham Əliyev və Baş nazir Paşinyanı qəbul edir.

Düşünürəm ki, bu gün sülh müqaviləsi imzalanmayacaq, bunun əvəzində çərçivə sazişi əldə olunacaq. Bu sənəddə Baş nazir Paşinyan və Prezident İlham Əliyevin sülh sazişinin imzalanmasına doğru irəliləmək üçün atmağa hazır və niyyətində olduqları konkret addımlar əksini tapacaq.

Heç kim dəqiq bilmir ki, sülh müqaviləsi nə vaxt imzalanacaq, lakin çərçivə sazişi çox mühüm bir addım olacaq”, - deyə o qeyd edib.

O, bu ilin martında Azərbaycan və Ermənistanın sülh müqaviləsinin yekun mətnini razılaşdırdıqlarını xatırladıb.

“Bir mühüm, hələ də həll olunmamış məsələ qalır – bu, Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi tələbi ilə bağlıdır. Belə ki, Konstitusiyada açıq və birmənalı şəkildə Qarabağın Azərbaycanın bir hissəsi olduğu bəyan edilməli və hazırkı erməni Konstitusiyasında mövcud olmuş və ya qalmış istənilən ikimənalılıq aradan qaldırılmalıdır.

Bu proses asan olmayacaq. Bu, Baş nazir Paşinyandan Ermənistan daxilində çox ağır siyasi mübarizədə qalib gəlməyi tələb edəcək. Bundan başqa, məlumatlara görə, ABŞ ilə Azərbaycan arasında, eləcə də ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq sazişlərinin imzalanması gözlənilir. Bu sazişlər hər iki ölkənin ABŞ ilə münasibətlərində iqtisadi, siyasi və təhlükəsizlik sahələrini gücləndirəcək”, - deyə sabiq səfir bildirib.

Brayzanın sözlərinə görə, məlumatlara əsasən, 907-ci düzəliş ləğv ediləcək, yaxud Prezident Tramp Respublikaçılar tərəfindən nəzarət olunan ABŞ Konqresini həmin düzəlişi tamamilə aradan qaldırmağa çağıracaq.

“Nəhayət, Zəngəzur dəhlizi ilə bağlı müəyyən razılaşma əldə oluna bilər ki, bu çərçivədə ABŞ-dən olan logistika şirkəti Ermənistan ərazisində yerləşən həmin dəhlizdə fəaliyyət göstərəcək. Hazırda bütün bu məlumatlar Vaşinqtondan daxil olur və bu gündən sonra nələrin baş verəcəyi hələ məlum deyil. Amma bu, çox ümidverici bir məqamdır, Ermənistan-Azərbaycan münaqişəsini işıqlandırdığım bütün dövr ərzində, yəni artıq əsrin dörddə biri qədər olan müddətdə ən ümidverici məqamdır. Ümid edirəm ki, bu gün baş verənlər sonda yekun sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq, bəlkə də yaxın vaxtlarda. Əgər çərçivə sazişi dəqiq ifadə olunarsa, bu, sülh müqaviləsinin yekunlaşdırılması prosesini başlada biləcək”, - deyə o yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti