Bakı. Trend:
Prezident İlham Əliyevin sevincli günlərini xalqı ilə bölüşməsi qürurverici məqamlardandır. Dövlət başçısının doğum günlərində şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşməsi bu insanların yaddaşında əbədi həkk olunub. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident İlham Əliyev 60 illik yubileyini də Qarabağda - Şuşada keçirdi. 2022-ci ilin 24 dekabr tarixində Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olaraq bu əzəli torpaqlarımızadan olan bir qrup ziyalı ilə görüşmüşdü. Dövlət başçısı İlham Əliyev 2023-cü ildə doğum günündə Ağdama səfər edərək, bir sıra infrastruktur obyektlərinin açılışında iştirak etdi və təməlini qoydu.
Bu il isə dövlət başçısı İlham Əliyev azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində yenidən Xankəndidə, Xocalıda və Ağdamda oldu, bu torpaqlarda görülən işlərlə tanış olaraq mühüm sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi. Belə ki, dövlətimizin başçısı Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində oldu. Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb. Prezident İlham Əliyev səfər çərçivəsində Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoydu, Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak etdi. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak etdilər.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşən Prezident İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda soydaşlarımızın yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıtdıqlarını önə çəkərək “Böyük Qayıdış Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır” söylədi. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlandığı gündən bu tapşırığı verdi ki, burada keçmiş məcburi köçkünlərin yüksək səviyyədə yaşayışı üçün bütün zəruri işlər görülməli, lazımı şərait yaradılmalıdır. Onlar uzun illər çətin şəraitdə, həm fiziki, həm də mənəvi əzablar içində yaşamıslar. Prezident İlham Əliyev Kərkicahan sakinləri ilə görüşündə də bu məqamları xüsusi qeyd edərək bildirdi ki, artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün. Artıq burada həyat yenidən qurulur.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz dünyaya dirçəlişin təkmil modelini təqdim etməklə yanaşı, Azərbaycanın iqtisadi imkanlarının da göstəricisidir. Son beş ildə 6 şəhərin, 2 qəsəbənin və 20-dən artıq kəndin sakinlərinə qovuşması görülən bərpa-quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaradır. Dövlət başçısının doğum günündə Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak etmələri və buraya köçən sakinlərlə görüşmələri hər birimizi daha da qürurlandırdı. Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə bildirdi ki, bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Uzun fasilədən sonra ağdamlılar öz doğma şəhərinə qayıdırlar. Bu münasibətlə onları ürəkdən təbrik edən dövlətimizin başçısı bildirdi: “Əminəm ki, burada siz rahat yaşayacaqsınız, əmin-amanlıq şəraitində yaşayacaqsınız”.
Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyev azad edilmiş ərazilərə səfərləri zamanı buraya köçən sakinlərlə görüşündə daim tarixi Zəfərimizə, suverenliyimizin bərpasına gedən yoldan geniş bəhs edir. Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı mərasimində qeyd etdi ki, işğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalıb. Yəni, şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmışdır. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi. Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində satılmışdır. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər.
30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. Keçmiş işğal dövründə torpaqlarımızın ekologiyasına da böyük zərər vurulmuşdur. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi həyata keçirilib. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub. Ermənistan Zəngilandakı və başqa rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Gələcəkdə bu ərazilərdə yaşayışa imkan verməmək üçün torpaqların kütləvi şəkildə minalanması böyük cinayətdir. İkinci Qarabağ müharibəsindən sonra mina qurbanlarının sayı 400-ü keçib. Ermənistanın mina ilə çirklənmiş ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı şəkildə imtina etməsi, bu ərazilərdə yaşayan mülki şəxslər və digər insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət bu humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır.
Vüqar Rəhimzadə qeyd edib ki, keçmiş işğal dövründə münaqişə ilə məşğul olan beynəlxalq strukturlar Ermənistan dövləti ilə, işğalçı, talançı dövlətlə həmrəy idilər. Artıq fəaliyyətinə son qoyulmuş və tarixin arxivinə atılmış uğursuz ATƏT-in Minsk qrupunun yarıtmaz və anti-Azərbaycan fəaliyyətini yaxşı xatırlayırıq. Bu qrupun və onun həmsədrlərinin məqsədi məsələni həll etmək əvəzinə, işğalı əbədi etmək, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini işğalla barışdırmaq olub. Keçmiş işğal dövründə Ermənistana müxtəlif yollarla maliyyə yardımı edilir, maliyyə marafonları keçirilir, silah-sursat verilirdi. Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində Ermənistan hərbi qüvvələrinin xidmət göstərdiyi hamıya bəlli olsa da, buna görə Ermənistana qarşı heç bir tədbir həyata keçirilmədi, işğalçıya qarşı heç bir sanksiya tətbiq olunmadı.
Ermənistan və onu müdafiə edən qüvvələrin arzusu ürəklərində qaldı. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdı. Azərbaycan bütün sahələrdə gücləndi, qüdrətləndi, keçmiş münaqişənin həlli məqsədilə möhkəm hüquqi baza yaradıldı. Dövlət başçısı ən yüksək beynəlxalq tribunalardan bəyan etdi ki, bizim imitasiya naminə danışıqlar aparmaq fikrimiz yoxdur. Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb yolu istisna edilmir. Müzəffər Ali Baş Komandanın bu bəyanatı sözsüz ki, dövlətimizin qüdrətinə, ordumuzun gücünə, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən siyasətimizə əsaslanırdı. Otuz ilin işğalına 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizlə son qoyduq. Dövlətimizin başçısının qeyd etdiyi kimi bu gün bizim güclü iradəmiz, siyasi addımlarımız, Silahlı Qüvvələrimizin güclü olması artıq tamamilə yeni mənzərəni ortaya qoyur: “Ancaq yenə də deyə bilərəm ki, bizim iradəmizin qarşısında heç kim dura bilməz”.
Millət vəkili bildirib ki, bu gün azad olunmuş ərazilərimiz dirçəlir, gülüstana çevrilir. Amma biz bu tarixi heç vaxt unutmamalıyıq. Dövlətimizin başcısı qeyd etdi ki, o acı günləri yaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsil unutmamalıdır. Bundan sonra gələn nəsillər, gələcək nəsillər unutmamalıdır, bilməlidir. Bu tarix həm məktəblərdə, həm ali məktəblərdə, ailələrdə əzbər olmalıdır. Yəni bu, bizim şanlı Zəfərimizdir. Eyni zamanda, bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq.
Prezident İlham Əliyevin bu çağırışına söykənərək deyə bilərik ki, Bakıda salınan Zəfər parkı, Gəncə Memorial Kompleksi, Xankəndi şəhərində Zəfər parkının yaradılması Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirməklə yanaşı gələcək nəsillərin erməni faşizminin qanlı əməlləri barədə əsaslı məlumatları əldə etmələrinə dəstək olacaq.
