"Əgər siyasi iradə olarsa, indiki Seçki Məcəlləsi və seçki komissiyaları ilə demokratik seçki keçirmək mümkündür". Trend in məlumatına görə, bu bəyanatı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycan üzrə müşahidə missiyasının rəhbəri Gert Arens səsləndirib.
O, bildirib ki, ATƏT seçki komissiyalarının tərkibinin olduğu kimi saxlanılmasını ciddi nöqsan kimi qiymətləndirir: "Lakin buna baxmayaraq, indiki komissiyalarla demokratik seçki keçirilməsinin mümkün olmadığını söyləmək də yanlış olardı"-deyə Gert Arens vurğulayıb.
ATƏT nümayəndəsi onu da bildirib ki, seçki günü seçicilərin barmaqlarının mürəkkəbə batırılması üsulunun tətbiq edilməsi əhəmiyyətli olardı. G.Arens əlavə edib ki, bu üsul seçkidə yol verilən saxtakarlıqdan biri - bir seçicinin bir neçə dəfə səs verməsinin qarışısını alır.
Onun sözlərinə görə, barmaqların mürəkkəbə batırılması üsulu vətəndaşlarda seçkinin demokratik, düzgün keçiriləcəyinə inam yaradan, həmçinin seçkidə düzgünlüyü təmin edən üsuldur: "Bu üsul kiminsə xoşuna gəlməyə bilər. Amma Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan kimi dövlətlərdə seçki zamanı bu üsul tətbiq edilib.
Hesab edirəm ki, Azərbaycanda da seçicilərin barmaqlarının mürəkkəblənməsi yaxşı olardı, çünki seçicilərdə seçkinin demokratikliyinə inam yaranmalıdır"-deyə ATƏT rəsmisi vurğulayıb.