...

DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOV BMT-NİN YARDIMÇI KOMİSSİYASININ AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞINI YÜKSƏK QİYMƏTLƏNDİRİB

Siyasət Materials 12 Sentyabr 2005 15:05 (UTC +04:00)

Sentyabrın 12-də BMT-nin Yaxın və Orta Şərqdə Narkotik Vasitələrin Dövriyyəsi üzrə Yardımçü Komissiyasının Bakı şəhərində öz işinə başlayan sessiyasına Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov sədrlik edir.

Trend məlumat verir ki, daxili işlər naziri tədbirdə sədr seçiləndən sonra etdiyi ilk çıxışında Komissiyanın Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığını yüksək qiymətləndirib.

Nazir qeyd edib ki, bu əməkdaşlığın Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinin azalmasında böyük rolu var. Azərbaycan tərəfi regionda narkotik vasitələrdən sui-istifadənin geniş yayılması və bunun gələcək təsirindən danışan nazir, eyni zamanda narkotik vasitələrin qanunsuz yetişdirilməsi, istehsalı və dövriyyəsinin artmasının regionda sabitliyi pozmaq təhlükəsinə də toxunub.

R.Usubov narkotik vasitələrin dövriyyəsindən əldə olunan çirkli pulların adam oğurluğu, insan alveri, terror və digər bu kimi cinayətkar əməllərə yönəldilməsindən narahatlığını bildirib. O qeyd edib ki, bu cinayətlərin qarşısını almaq üçün beynəlxalq, regional və subregional əməkdaşlığın gücləndiriməsinə ehtiyac var.

Daxili işlər naziri ölkələr arasında qarşılıqlı hüquqi yardımların göstərilməsinə, habelə tranzit ölkələr arasında informasiya mübadiləsi və digər sahələrdə əməkdaşlığa dair öhdəliklərin qəbulunu zəruri hesab etdiyini söyləyib.

Eyni zamanda, öz işinə yeni başlayan sessiyadan narkotik vasitələrə nəzarət, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı birgə səylərin artırılması bu istiqamətdə koordinasiyalı strategiyanın inkişaf etdirilməsi sahələrində müsbət nəticələr əldə olunacağına ümid bəslədiyini bildirib.

Qeyd edək ki, sessiyanın işində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının, Narkotiklər və cinayətkarlıq üzrə idarəsinin, üzv dövlətlərin nümayəndələrindən ibarət əcnəbi qonaqlar, eləcə də Azərbaycanın güc strukturlarının rəhbərləri iştirak edirlər.

Sessiya sentyabrın 16-na kimi qapalı plenar iclaslarda işini davam etdirəcək və sonda müvafiq sənədin qəbulu gözlənilir. Sessiyanın yekununa dair mətbuat konfransının keçiriləcəyi istisna olunmur.

Xəbər lenti

Xəbər lenti