...

RAMİZ RZAYEV: İMTAHAN VERƏN HAKİMLƏR YENİ İLİN İLK AYLARINDAN FƏALİYYƏTƏ BAŞLAMALIDIR

Siyasət Materials 19 Sentyabr 2005 11:35 (UTC +04:00)

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev hakimlərin imtahan vermə prosesini yüksək qiymətləndirib. Trend məlumat verir ki, məhkəmə sədri Azərbaycanda bu şəkildə müasirləşdirilmiş imtahanın ilk dəfə keçirildiyini söyləyib.

R.Rzayev: "Bilirsiniz ki, 2000-ci ildə də hakimlər test üsulu ilə imtahan vermişdi. Ancaq bu dəfə imtahan daha da müasirləşdirilmiş və tərəqqi şəkildə keçirilir. İlk dəfədir ki, namizədlər lototron vasitəsi ilə özləri 1000 sualdan 100-nü seçirlər.

Bu proses beynəlxalq və yerli miüşahidəçilərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin gözü qarşısında həyata keçirilir".

Məhkəmə sədri bildirib ki, bir neçə mərhələni keçəcək namizədlər arasından təxminən 100 nəfərin seçilməsi nəzərdə tutulub. R.Rzayev: "Bu, birinci mərhələdir.

Namizədləri qarşıda daha bir neçə mərhələ gözləyir. Bunlar yazılı imtahandan, kurslardan, həmin kursların sonunda imtahanlardan ibarətdir.

Bütün bunlar kompleks şəkildə həyata keçiriləcək və sadaladığım mərhələləri uğurla keçmiş namizədlər hakim statusu alacaqlar. Yeni ilin ilk aylarındansa artıq fəaliyyətə başlayacaqlar".

Ramiz Rzayevin sözlərinə görə, hazırda imtahan mərhələlərini keçən namizədlər hakimliyə sınaq müddətinə seçiləcəklər. Hazırda hakim korpusunda fəaliyyət göstərən hakimlərin isə fəaliyyəti araşdırılacaq.

İş təcrübəsi 10-15 il olan hakimlər ömürlük seçiləcəklər. "Təbii ki, onların da fəaliyyəti araşdırılacaq. İşində nöqsan olanların fəaliyyətinə xitam verilə bilər", - deyə məhkəmə sədri bildirib.

Onun sözlərinə görə, hazırda imtahan verən namizədlər də fəaliyyətinə xitam veriləcək hazırkı hakimlərin yerinə təyin ediləcəklər.

Xəbər lenti

Xəbər lenti