...

DEPUTATLIĞA NAMİZƏDLƏRƏ "QARABAĞ BƏYANNAMƏSİ" İLƏ BAĞLI MÜRACİƏT OLUNUB

Siyasət Materials 20 Sentyabr 2005 17:21 (UTC +04:00)

Trend-i buradan izləyin

Qarabağ Azadlıq Təşkilatı (QAT) "Qarabağ Bəyannaməsi" ilə deputatlığa namizədlərə, siyasi, ictimai təşkilatlara, geniş ictimaiyyətə müraciət ünvanlayıb. Trend in məlumatına görə, sentyabrın 20-də keçirilən mətbuat konfransında bu barədə QAT-ın sədri Akif Nağı məlumat verib.

O, bildirib ki, noyabr ayında yeni seçiləcək parlament Qarabağ məsələsinin həlli, erməni işğalının nəticələri ilə birbaşa məşğul olmalıdır, bu istiqamətdə fəaliyyət isə hər bir millət vəkilindən asılı olacaq. Ona görə də deputatlığa namizədliyini irəli sürmüş hər bir şəxs, siyasi partiya, seçki bloku əvvəlcədən üzərlərinə öhdəlik götürməlidirlər.

A.Nağı bildirib ki, QAT və Qarabağ üzrə Koordinasiya Şurası bu məqsədlə namizədlərin imzalaması üçün "Qarabağ Bəyannaməsi" hazırlamaq qərarına gəlib. Bu sənəd Qarabağla balğı, münaqişənin həlli və nəticələrinin aradan qaldırılmasına dair suallara namizədlərin, siyasi partiyaların, seçki bloklarının verəcəyi cavablar əsasında tərtib olunacaq. Sənədin namizədlərin hamısının iştirakı ilə hazırlanması nəzərdə tutulub.

A.Nağının sözlərinə görə, bu işin təşkili üçün yaradılmış işçi qrupuna həm Azərbaycandan, həm də diaspor təşkilatlarından nümayəndələr daxil edilib. İşçi qrupu suallar layihəsini hazırlayıb, sonra bir ay ərzində İnternet vasitəsilə QAT-ın və Qarabağ üzrə Koordinasiya Şurasının İnternet otaqlarında müzakirəsi aparılıb.

İndi isə suallar deputatlığa namizədlərə, həmçinin geniş ictimiayyətə təqdim olunub. Cavablar alındıqdan sonra Qarabağ Bəyannaməsinin hazırlanması mərhələsi başlayacaq. Hər bir namizəd 10 gündən gec olmayaraq öz cavablarını yazılı şəkildə təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti