...

GUAM DÖVLƏTLƏRİ DAĞLIQ QARABAĞ PROBLEMİ DAXİL OLMAQLA QƏTNAMƏ QƏBUL EDİB

Siyasət Materials 27 Sentyabr 2005 16:37 (UTC +04:00)
GUAM DÖVLƏTLƏRİ DAĞLIQ QARABAĞ PROBLEMİ DAXİL OLMAQLA QƏTNAMƏ QƏBUL EDİB

"GUAM ölkələrinin Parlamentlərarası Assambleyasının Moldovanın paytaxtı Kişinyovda keçirilən növbəti toplantısında Dağlıq Qarabağ problemi daxil olmaqla qətnamə qəbul edilib".

Bu barədə Trend agentliyinə həmin iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Cahangir Hüseynov bildirib.

Millət vəkili GUAM-ın siyasi və hüquq məsələləri üzrə komissiyasının üzvü kimi toplantıda Dağlıq Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti barədə məruzə ilə çıxış edib: "Mən qurumda təmsil olunan dövlətlərin (Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova) parlamentariləri qarşısında məsələ qaldırdım ki, bu problemi daim diqqət mərkəzində saxlasınlar".

C.Hüseynov onu da qeyd edib ki, toplantıda Dnestryanı ölkələr, Abxaziya və Osetiya problemləri müzakirə olunsa da, Dağlıq Qarabağ problemi onlarla eyniləşdirilməyib: "Mən çıxışımda da bildirdim ki, Dağlıq Qarabağla yanaşı Azərbaycanın 7 rayonu da Ermənistanın işğalına məruz qalıb. Bu barədə müzakirələrimiz uğurla davam edib".

Millət vəkili Rusiyanın hərbi bazaları Gürcüstan ərazilərindən çıxarıb Ermənistan ərazilərində yerləşdirmək istəyini də GUAM Parlamentlərarası Assambleyasının toplantısında gündəliyə çıxarıb: "Bu prosesin həyata keçiriləcəyi təqdirdə bölgədə sülhün bərqərar olacağının sual altında qalacağını bildirdim. Bunun qarşısını almaq üçün GUAM dövlətlərinin addım atmasını tələb etdim. Qaldırdığım məsələnin araşdırılacağı və əməli tədbirlərin görüləcəyi qəbul edilib".

C.Hüseynov Moldovanın xarici işlər naziri və parlament sədri ilə də görüşdüklərini və Moldova müşahidəçilərinin Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün Bakıya göndərilməsini onlardan xahiş edib.

Balkan və Pribaltika ölkələrinin də GUAM-da təmsil olunacağını bildirən C.Hüseynov tədbirin sentyabrın 29-da başa çatacağını bildirib.O, qeyd edib ki, növbəti toplantının 2007-ci ilin əvvəllərində Kiyevdə keçirilməsi barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti