...

ELÇİN QULİYEV: "SEÇKİ ƏRƏFƏSİNDƏ SƏRHƏDLƏRİMİZDƏ GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİ TƏTBİQ OLUNACAQ"

Siyasət Materials 28 Sentyabr 2005 17:55 (UTC +04:00)

Sentyabrın 28-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatında keçirilmiş mətbuat konfransında Sərhəd Xidmətinin rəisi Elçin Quliyev jurnalistlərin nəzərinə çatdırıb ki, seçki ərəfəsində sərhədlərimizdə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Trend məlumat verir ki, mətbuat konfransı GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) iştirakçı dövlətlərin sərhəd qurumları rəhbərlərinin üçüncü iclasının yekununa həsr olunub.

Mətbuat konfransında Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Ukraynadan Nikolay Litvin, Gürcüstandan Badri Biqadze, Moldovadan isə İqor Kalenov iştirak edib.

E.Quliyev jurnalistləri məlumatlandıraraq bildirib ki, keçirilmiş iclasda 9 məsələ üzrə müzakirələr aparılıb. E.Quliyev: "Belə qənaətə gəlmişik ki, Ukrayna sərhəd xidmətinin bazasında kadr potensialının artırılması təlimlərinə başlamaq olar. Bu məsələlər tam olaraq 2006-cı ilin yanvarından Ukraynada ekspertlər tərəfindən müzakirə olunaraq həllini tapacaq".

E.Quliyev bildirib ki, islasda beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, silah və narkotik maddələrin qaçaqmalçılığı, qeyri-qanuni miqrasiya, və digər cinayətlərlə mübarizə üzrə səylərin birləşdirilməsi, qüvvətləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. "Müzakirələr əsasən bu sahələrdə əməkdaşlığı gücləndirmək istiqamətində gücləndirməyə həsr olunmuşdu".

E.Quliyev onu da bildirib ki, Ukrayna vətəndaşı Sergey Yuşenkonun sərhəddə saxlanılması barədə yayılmış məlumat həqiqətə uyğun deyil. "Sadəcə olaraq, onun arzuedilməz şəxs olduğu aşkarlanıb və bu səbəbdən də geri qaytarılıb". Nikolay Litvin isə suala cavab olaraq bildirib ki, bu məsələ ilə bağlə hər hansı açıqlama vermək onun səlahiyyətində deyil.

E.Quliyev jurnalistlərə onu da xatırladıb ki, Azərbaycan-Ermənistan sərhədinin 1007 km-i, Azərbaycan-İran sərhədinin 132 km-i hazırda erməni işğalı altındadır. Bu ərazilər nəzarətsiz qaldığından ermənilən orada müxtəlif qanunsuz hərəkətlər törədirlər.

Xəbər lenti

Xəbər lenti