...

MSK KİV NÜMAYƏNDƏLƏRİNİN SEÇKİ GÜNÜ İSTİFADƏ EDƏCƏYİ LÖVHƏCİYİ TƏSDİQLƏYİB

Siyasət Materials 11 Oktyabr 2005 20:14 (UTC +04:00)

Oktyabrın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Trend in məlumatına görə, iclasda bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişilik edilib, KİV nümayəndələrinin istifadə edəcəkləri lövhəciklər, həmçinin "Yeni Siyasət" seçki blokunun emblemi təsdiqlənib.

MSK sədrinin müavini Svetlana Qasımova və qurumun katibi Vidadi Mahmudovun məruzəsindən sonra 31 saylı Suraxanı ikinci, 32 saylı Suraxanı üçüncü, 69 saylı Cəlilabad-Masallı və digər seçki dairələrinin tərkibində dəyişiliklər edilməsi barədə qərar çıxarılıb. Sonra Vidadi Mahmudov bildirib ki, siyasi partiyalar və partiyalar bloklarının irəli sürdüyü bitərəf namizədlərin də seçki bülletenlərində partiya mənsubiyyəti bölməsində həmin partiyanın adı göstərilməlidir. Təklif səsə qoyularaq qəbul edilib. MSK katibi Natiq Məmmədov yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinin istifadə edəcəkləri lövhəciyin təsdiq olunmasını müzakirəyə çıxarıb, sənədin nümunəsini göstərib.

Bəzi texniki düzəlişlərdən sonra lövhəcik təsdiq edilib.

Bundan sonra N.Məmmədov "Yeni Siyasət" siyasi partiyalar blokunun emblemi barədə məlumat verib, onun təsdiq olunmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib. Sonda cari məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti