...

"Azadlıq" blokunun həmsədrləri Avropa Şurasının nümayəndələri ilə görüşüb

Siyasət Materials 2 Dekabr 2005 11:58 (UTC +04:00)

Dekabrın 2-də Avropa Şurasının Azərbaycandakı informasiya ofisində "Azadlıq" blokunun həmsədrləri ilə Avropa Şurasının nümayəndələri arasında görüş keçirilib. Trend xəbər verir ki, görüşdə Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross, Andres Herkel, Avropa Şurasının Azərbaycandakı seçkiləri müşahidə qrupunun rəhbəri Leo Platvoet, "Azadlıq" blokundan isə İsa Qəmbər, Əli Kərimli, Sərdar Cəlaloğlu iştirak ediblər.

Görüş barədə jurnalistlərə açıqlama verən Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib ki, görüşdə 6 noyabr parlament seçkilərinin nəticələri, müxalifətin keçirdiyi kütləvi aksiyalar, Konstitusiya məhkəməsinin çıxardığı qərar müzakirə edilib.

S.Cəlaloğlunun sözlərinə görə, seçki günü dairə və məntəqə seçki komissiyalarında yol verilmiş qanun pozuntuları, saxtakarlıqlar konkret faktlarla Avropa Şurası nümayəndələrinin diqqətinə çatdırılıb. Həmçinin, müxalifətin 26 noyabrda keçirdiyi aksiyanın dağıdılması, mitinqçilərə qarşı polislər tərəfindən zorakılıqlar edilməsi, insanların xəsarət alması barədə də məlmat verilib.

"Azadlıq" blokunun həmsədrləri müxalifətin 3 dekabr aksiyasının "Qələbə" meydanında keçirilməsinə icazə verilməməsini Konstitusiyaya, insanların sərbəst toplaşmaq hüququna zidd addım kimi qiymətləndiriblər. S.Cəlaloğlunun sözlərinə görə, Avropa Şurası nümayəndələri müxalifətçilərin söylədikləri faktları dinləyiblər və Konstitsusiya məhkəməsi tərəfindən 10 seçki dairəsinin nəticələrinin ləğv olunmasını təəcüblə qarşılayıblar. S.Cəlaloğlu onu da deyib ki, beynəlxəlq təşkilatların nümayəndələri yalnız bir mənbədən aldıqları məlumatlar əsasında fikir yürüdə bilməzlər.

Xəbər lenti

Xəbər lenti