...

Mərkəzi Seçki Komissiyasının üzvü: "Qazaxıstanda prezident seçkiləri demokratik və yüksək səviyyədə keçirilib"

Siyasət Materials 5 Dekabr 2005 13:01 (UTC +04:00)

"Qazaxıstanda seçkilər demokratik və yüksək səviyyədə keçirilib". Bu barədə Trend ə hazırda Qazaxıstanda olan və 4 dekabrda keçirilmiş prezident seçkilərini müşahidə etmiş Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov məlumat verib.

O bildirib ki, Azərbaycanın MSK-dan olan 6 nəfərlik nümayəndə heyəti Astanada müşahidə aparıb. F.Cavadovun sözlərinə görə, Astanada yalnız bir seçki dairəsi var və Azərbaycanın nümayəndə heyətinin üzvləri seçki günü təxminən 50-yə qədər seçki məntəqəsində olublar. Onlar iki nəfərlik qrup şəklində hər biri 10-dan çox məntəqədə seçkinin gedişini müşahidə ediblər.

MSK üzvünün sözlərinə görə, prezident seçkisi vətəndaşların yüksək fəallığı ilə keçib. Belə ki, seçki məntəqələri səhər saat 7.00-da açılıb və artıq 1 saatdan sonra - saat 8.00-da 5 faiz seçici səsverməyə gəlib. Hər məntəqədə seçicilər siyahısında təxminən 3 min nəfər seçicinin adı var. Rəsmi rəqəmlərə görə, 4 dekabr seçkisində seçici fəallığı 71 faiz olub. İlkin nəticələrə görə, ölkənin indiki prezidenti Nursultan Nazarbayev 91 faiz səs çoxluğu ilə qalib gəlib.

Fuad Cavadov onu da bildirib ki, seçki günü ciddi qanun pozuntularına rast gəlinməyib. Azərbaycan nümayəndə heyətinin müşahidə etdiyi pozuntular isə xırda texniki qüsurlar olub. MSK üzvünün sözlərinə görə, belə pozuntular seçkinin nəticələrinə heç bir təsir göstərməyib. O qeyd edib ki, 6 nəfərlik Azərbaycan nümayəndə heyəti üzvlərinin hər biri bu qənaətdədir və seçkinin demokratik keçirildiyini müşahidə ediblər.

Azərbaycanlı müşahidəçi onu da deyib ki, seçki günü və ondan sonra Qazaxıstanda ictimai-siyasi sabitlik hökm sürür. Seçkinin nəticələrindən narazı qalan müxalifətə gəldikdə isə, F.Cavadov deyib ki, indiyə qədər ciddi bir hadisə baş verməyib və müxalifətin etirazları sabahdan başlana bilər.

Xəbər lenti

Xəbər lenti