Dekabrın 22 -də Naxçıvan Muxtar Respublikasında (NMR) İran qazının tədarükünün başlanması ilə bağlı rəsmi mərasimin keçirilməsi nəzərdə tutulub. Bu barədə Trend ə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov eksklyuziv məlumat verib.
Onun sözlərinə görə, tədbirdə Azərbaycan və İran prezidentləri - İlham Əliyev və Mahmud Əhmədnecatinin iştirakı planlaşdırılıb.
A.Həsənovun sözlərinə görə, bu layihənin reallaşdırılması üçün tərəflər Azərbaycan-İran münasibətlərinin genişləndirilməsinin perspektivlərini müzakirə edəcəklər.
Qeyd edək ki, İran qazının NMR-na tədarük olunmasına noyabrın 3-dən başlanılıb. Bu, son 15 ildə Muxtar Respublikaya ilk yanacaq tədarüküdür. İndi Naxçıvan və Culfa şəhərləri yanacaq alır. Respublikanın digər məntəqələri də mərhələləi şəkildə qaz alacaqlar. Naxçıvanda 12 mindən artıq abunəçini qazla təmin ediləcək. Birinci mərhələdə İran qazının Naxçıvana idxalının həcmi ildə 52 mln kubmetr (2005-ci ilin sonuna kimi), 2006-cı ildə 250 mln kubmetr olacaq. 2007-ci ildən isə bu həcm 350 mln kubmetərədək artırılacaq.
Paralel olaraq noyabrın 1-dən sərhədyanı Astara rayonundan Azərbaycan qazı İranın şimal-şərq rayonlarını yanacaqla təchiz etmək üçün bu ölkəyə daxil olmağa başlayıb.