...

ATƏT-in Yüksək Planlaşdırma Qrupu Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edib

Siyasət Materials 16 Dekabr 2005 13:56 (UTC +04:00)

Yüksək Planlaşdırma Qrupunun erməni-Azərbaycan münaqişəsi regionuna səfərində məqsəd regionda sülhyaratma qüvvələrinin yerləşdirilməsinin planlaşdırılması elementlərinin müəyyən edilməsidir. Trend in məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik bəyan edib.

Onun sözlərinə görə, "biz bunu çoxdan etmirdik" və bu "normal texniki prosesdir". Diplomat Yüksək Planlaşdırma Qrupunun Dağlıq Qarabağ münaqişəsinin tezliklə həl olunacağı barədə yayılan məlumatları təkzib edib.

A.Kaspşik yanvar ayında Dağlıq Qarabağa gedəcəyini bildirib. Son zamanlar atəşkəs rejiminin tez-tez pozulması ilə bağlı faktların artmasına öz münasibətini ifadə edən diplomat belə vəziyyətin ATƏT-i qane etmədiyini bəyan edib. Onun sözlərinə görə, hər iki tərəfdən qurbanlar barədə faktların mövcudluğu "bizi son dərəcə narahat edir və vəziyyəti gərginləşdirir". A.Kaspşik həmçinin, bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin özlərinin də təsdiq etdikləri kimi "bu gün biz münaqişənin siyasi həllindən başqa heç bir həlli nəzərdən keçirmirik".

Xəbər lenti

Xəbər lenti