...

Ramil Usubov Jan Mişel Lubutanı qəbul edib

Siyasət Materials 1 Fevral 2006 19:07 (UTC +04:00)

Fevralın 1-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov İnterpolun Polis Xidmətləri üzrə icraçı direktoru - Əməliyyat Departamentinin rəisi Jan Mişel Lubutanı qəbul edib. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

R.Usubov İnterpolun Baş Katibliyi tərəfindən həyata keçirilən "Kalkan" layihəsinin işçi qrupunun ikinci görüşündə iştirak edən cənab Lubutana DİN strukturu, fəaliyyət istiqamətləri və kriminogen durumla bağlı ətraflı məlumat verib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizindən çoxunun işğalı, bir milyondan artıq soydaşımızın ata-baba yurdlarından didərgin salınması, müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr, bütün bunların kriminogen duruma təsiri barədə də qonağı məlumatlandırıb.

Daha sonra nazir polisin xidməti fəaliyyətində üzləşdiyi problemlərə toxunub. Qeyd edib ki, son illər mütəşəkkil transmilli cinayətkarlığın yayılması qlobal xarakter alıb. Onun ayrı-ayrı növlərindən, xüsusən terrorizmin hər cür təzahürlərindən və narkotik qaçaqmalçılığından ölkəmizin də əziyyət çəkdiyini təəssüflə vurğulayıb. Bununla belə, digər hüquq-mühafizə orqanları ilə birlikdə respublika ərazisində onlarla terrorçunun zərərsizləşdirilərək aidiyyatı ölkələrə ekstradisiya olunduğu da qonağın diqqətinə çatdırılıb.

Cənab Lubutan səmimi qəbula və "Kalkan" işçi qrupunun ikinci görüşünün yüksək səviyyədə təşkilinə görə nazirə minnətdarlığını bildirib. O, qeyd edib ki, bu layihə Mərkəzi Asiyada və qonşu ölkələrdə terrorçuluq problemlərini - terror təşkilatlarında üzvlük, terrorçuluğun maliyyələşdirilməsi, terror təşkilatlarının üzvləri tərəfindən istifadə olunan oğurlanmış və saxta sənədlər, terrorçuların təlim düşərgələrinin təşkilatçıları və digər məsələləri əhatə edir.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti