...

Nazim İbrahimov: Dünya azərbaycanlılarının 2-ci qurultayına 800-ə yaxın iştirakçı dəvət olunub

Siyasət Materials 10 Fevral 2006 16:22 (UTC +04:00)
Nazim İbrahimov: Dünya azərbaycanlılarının 2-ci qurultayına 800-ə yaxın iştirakçı dəvət olunub

Bu il martın 16-da Bakı şəhərində keçiriləcək Dünya azərbaycanlılarının 2-ci qurultayına 800-ə yaxın adam dəvət olunacaq. Trend in məlumatına görə, Xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov fevralın 10-da keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib.

O bildirib ki, 44 ölkədən qurultaya nümayəndələr dəvət olunacaq. Onlardan ən çox təmsilçisi olan dövlətlər Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Almaniya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Fransa və ABŞ-dır. Bundan başqa 40-dan çox ölkədən Azərbaycan diasporunun inkişafında xidmətləri olmuş ayrı-ayrı şəxslər, siyasi xadimlər, parlament və hökumət nümayəndələri də dəvət olunacaq.

N.İbrahimov bildirib ki, Heydər Əliyev adına sarayda keçiriləcək qurultayda prezident İlham Əliyevin proqram xarakterli çıxışı olacaq. Qurultayda aparılacaq müzakirələrin nəticəsi kimi qətnamə, həmçinin Dünya azərbaycanlılarına müraciət, bəyanat və digər sənədlər qəbul ediləcək. N.İbrahimovun sözlərinə görə, qurultay dövlət büdcəsi hesabına keçiriləcək, həmçinin bütün qurultay iştirakçılarının yol, otel və digər xərcləri də dövlət vəsaiti hesabına ödəniləcək. Komitə sədri qeyd edib ki, qurultay öz işini martın 16-da başa vuracaq, ertəsi gün isə Azərbaycanın müxtəlif bölgələrinə səfərlər təşkil olunacaq. Dünyanın müxtəlif ölkələrindən gəlmiş azərbaycanlılar bölgələrdəki vəziyyətlə tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti