Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yarandığı vaxtdan bu tarixə qədər İdarəyə 50-dən artıq şikayət daxil olub. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşların müraciətləri həm korrupsiyaya qarşı mübarizə üzrə komissiya, həm də korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatları tərəfindən idarəyə göndərilir. Bütün ərizələr üzrə qanunamüvafiq araşdırmalar aparılır və əgər korrupsiya hüquqpozmaları halları müəyyən edilirsə, həmin faktlarla əlaqədar cinayət işləri başlanır.
Yaxın vaxtlara qədər İdarənin icraatında 13 cinayət işi olub. Həmin cinayət işləri "Poçtştamp"ın, Mingəçevir Şəhər Qaz İdarəsinin, Beyləqan rayonunun vəzifəli şəxsləri və digər rəsmi idarələrin əməkdaşları ilə bağlı olub. Həmin cinayət işlərindən bir neçəsinin ibtidai istintaqı yekunlaşıb və iş materialları məhkəmə baxışına göndərilib.
Qeyd edək ki, dövlət başçısı tərəfindən təsdiqlənmiş "Korrupsiyaya Qarşı Mübarizə Haqqında" Qanun, "Korrupsiyaya Qarşı Mübarizə Üzrə Dövlət Proqramı" və vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarının verilməsi barədə qaydalar korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə bir qədər də təkan verib.