Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin, eləcə də dünya siyasəti və regionun bugünkü inkişafını səciyyələndirən bir çox məsələlərdə baxışlarımız bir-birinə uyğundur. Trend bildirir ki, fevralın 22-də Bakıda Rusiya prezidenti Vladimir Putin ilə birgə keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bu barədə bəyan edib.
Onun sözlərinə görə, ikigünlük səfər çərçivəsində Rusiya prezidenti V.Putinin başçılıq etdiyi nümayəndə heyəti ilə "çox geniş əhatəli ikitərəfli, regional əməkdaşlıq məsələləri" müzakirə edilib. "Əminik ki, Azərbaycanda Rusiya İli çərçivəsində bizim ölkələrimiz və xalqlarımız bir-birinə daha da yaxın olacaq, siyasi müstəvidə də fəal əməkdaşlıq edəcəyik, ticarət münasibətləri dövriyyəsini genişləndirəcək və daha sonra humanitar sahənin inkişafında əməkdaşlıq edəcəyik. Başqa sözlə, əməkdaşlığımızın bütün istiqamətlərində biz son 5-6 il ərzində formalaşdırılmış pozitiv tendensiyaların davam etdirilməsini və möhkəmləndirilməsini nəzərdə tuturuq" -deyə İ.Əliyev qeyd edib.
Azərbaycan prezidenti deyib ki, Rusiya ilə AR arasındakı münasibətlər qonşu ölkələr arasındakı münasibətlərə nümunə ola bilər. "Bizim münasibətlərimiz həqiqətən mehriban qonşuluq, səmimi dostluq münasibətləridir və bu, iqtisadiyyatımızı fəal inkişaf etdirməyə, bütün istiqamətlərdə fəal əməkdaşlıq etməyə imkan verir, eləcə də ölkələrimiz arasında böyük investisiya layihələri, iqtisadi əlaqələr üçün çox yaxşı zəmin yaradır"-deyə o qeyd edib.
Rusiya-Azərbaycan biznes-forumundan danışarkən prezident ümid etdiyini bildirib ki, forumun nəticələri "tezliklə konkret layihələr və qərarlarda özünü göstərəcək". "Beləliklə, mal dövriyyəsinin bizim 2 il ərzində nail olduğumuz ikiqat artırılması yəqin ki, ölkələrimiz arasında uzunmüddətli fəal iqtisadi əməkdaşlığın inkişafının yalnız bir mərhələsi olacaq. Bunun üçün potensial vardır. Ölkələrimizin iqtisadiyyatı dinamik inkişaf edir. Rusiya Azərbaycanın digər ölkələrlə mal dövriyyəsində birinci yeri tutur və əlbəttə ki, biz gələcək əməkdaşlığa ümid edirik" -deyə o qeyd edib.