...

Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsininin nizama salınması ilə bağlı müzakirələr aparmaq üçün Robert Köçəryanı Moskvaya dəvət edəcək

Siyasət Materials 22 Fevral 2006 17:33 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə məsləhətləşmələr aparmaq üçün Ermənistan prezidenti Robert Köçəryanı Moskvaya dəvət etmək niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 22-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirilmiş mətbuat konfransında Rusiyanın dövlət başçısı Vladimir Putin bəyan edib.

"Yaxın vaxtlarda mən Ermənistan prezidenti ilə əlaqə yaratmaq və onu bu məsələ ilə bağlı məsləhətləşmələr aparmaq üçün Moskvaya dəvət etmək niyyətindəyəm", - deyə o bildirib. V.Putin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması imkanlarını müsbət qiymətləndirir. "Mən bu məsələnin bütün mürəkkəbliyinə baxmayaraq, razılığa gəlmiş hər iki tərəfin qarşılıqlı münasib qərara gələ bilməsi ilə bağlı Azərbaycan prezidentinin fikirləri ilə razıyam. Bu problemi həll etmək şansı var. Biz münaqişənin həlli və onun keçmişdə qalması üçün əlimizdən gələni edəcəyik", - deyə Rusiya prezidenti vurğulayıb. O əlavə edib ki, tərəflərdən hər hansı birinə təzyiqi tamamilə istisna edir. "Biz yalnız vasitəçi və əldə edilmiş razılaşmaların qarantı kim çıxış edə bilərik". V.Putin keçmiş sovet məkanında bütün münaqişələrin həllində Rusiyanın maraqlı olduğunu vurğulayıb.

İlham Əliyev məlumat verib ki, rusiyalı həmkarı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və həlli yolları müzakirə olunub. "Biz gələcəkdə də bu münaqişənin nizama salınmasında, beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan ədalətli həllində Rusiyanın Azərbaycanın qonşusu, ATƏT MQ-nin həmsədr ölkəsi və böyük dövlət kimi fəal roluna güvənirik", - deyə İ.Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti