...

Azərbaycan prezidenti Xocalı soyqırımı qurbanlarının abidəsi önünə əklil qoyub

Siyasət Materials 25 Fevral 2006 12:34 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev fevralın 25-də Xocalı soyqırımı qurbanlarının abidəsi önünə əklil qoyub. Trend bildirir ki, tədbirdə hökumət və parlament üzvləri, ictimaiyyətin nümayəndələri iştirak edib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi qruplaşmaları Dağlıq Qarabağın Xankəndi şəhərində keçmiş SSRİ-nin yerləşdirdiyi 366-cı motoatıcı alayın ağır texnika və şəxsi heyətinin dəstəyilə Xocalı şəhərini işğal edib. Şəhərə hücum fevralın 25-də, axşam artilleriya topları, ağır hərbi texnikadan açılan aramsız atəşlə başlayıb.

Şəhərdə qalmış təxminən 2500 nəfər əhali öz doğma evlərini tərk etməyə məcbur olub.Onlar əsasən azərbaycanlıların yaşadığı yaxın yer olan Ağdam şəhərinə üz tutublar.

Erməni hərbi qruplaşmaları Xocalı şəhərini darmadağın etmiş motoatıcı alayın hərbi qüvvəsi ilə dinc əhaliyə amansızcasına divan tutub. Nəticədə 63-ü uşaq; 106-sı qadın, 70-i qoca olan 613 nəfər qətlə yetirilib; 150 nəfər itkin düşüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq bir valideynini itirib, 487 nəfər (bunlardan 76 -sı uşaqdır) xəsarətlər alıb.

Azərbaycan parlamenti hər ilin 26 fevralını "Xocalı soyqırımı Günü" elan edib. Azərbaycan xalqı hər il fevralın 26-da saat 17.00-da bir dəqiqəlik sükutla Xocalı qurbanlarının xatirəsini yad edir.

Xəbər lenti

Xəbər lenti