...

Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı müzakirələrə siyasilərin münasibəti

Siyasət Materials 28 Fevral 2006 13:30 (UTC +04:00)

Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı irəli sürülən layihələri hansı Azərbaycan reallıqları ilə üst-üstə düşərsə biz onu qəbul edəcəyik. Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) icraçı katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.

Qeyd edək ki, fevralın 27-dən ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə siyasi partiya rəhbərləri arasında "Siyasi partiyaların maliyyələşməsi" və "Seçki sistemi" ilə bağl seminar keçirilir. Seminarın ilk günündə "Seçki sistemi" ilə bağlı müzakirələr aparılıb. Fevralın 28-də isə "Siyasi partiyaların maliyyələşməsi" müzakirə mövzusu olub.

S.Novruzov bildirib ki, bu, parlamentin səlahiyyətinə daxil olan məsələdir: "Türkiyədə bu məsələ dörd mərhələ ilə tənzimlənir. Almaniyada parlamentdə qazanılan səslər önə çəkilir. Rusiyada isə dövlət maliyyəsindən imtina edən partiyalar da mövcuddur. Çünki burada dövlət maliyyəsinin təftiş məsələsi var".

YAP rəsmisi onu da vurğulayıb ki, mövcud qanunvericiliyə görə, hər hansı bir siyasi partiya maliyyə şəffaflığını təmin etmək məqsədilə aidiyyatı orqanlar, üzvləri, rəhbər strukturları qarşısında hesabat verməlidir. Bu prosesi yalnız YAP-ın həyata keçirdiyini deyən S.Novruzov partiyaların dövlət tərəfindən maliyyələşməsi mexanizminin parlamentdə qazanılan səslərin sayının nəzərə alınması ilə həyata keçirilməsinə üstünlük verdiyini bildirib.

Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə bu məsələnin qaldırılmasında əsas məqsədin partiyaların fəaliyyətini ciddi nəzarətə almaq məqsədinin güdüldüyü ilə izah edib. S.Cəlaloğlu bildirib ki, bu prosesi həyata keçirməklə dövlət partiyaların fəaliyyətini mümkün qədər məhdudlaşdırmaq, maliyyə mənbələrini aşkarlayıb zərərsizləşdirmək istəyir.

Müsavat partiyasının sədri İsa Qəmbər isə hesab edir ki, partiyaların dövlət tərəfindən maliyyələşməsi düzgün təcrübədir. Bunun Azərbaycanda tətbiq olunmasının bir qədər çətin olduğunu söyləyən İ.Qəmbər maliyyənin ayrılması prosesini rəsmən Mərkəzi Seçki Komissiyasının səsləri əsasında tənzimlənməsinin tərəfdarı olduğunu bildirib.

Azərbaycan Soisal Demokrat Partiyasının həmsədri Araz Əlizadə isə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsinin mövcud qanunvericilikdə əks olunduqdan sonra buna əməl oluna biləcəyini şübhə altına alıb: "Siyasi partiyalar haqqında" qanunda partiyaların qərargahla təmin olunması maddəsi həyata keçirilmirsə, dövlət maliyyə məsələsinə ümumiyyətlə əhəmiyyət verməyəcək".

Xəbər lenti

Xəbər lenti