...

"Hindistan Şou" sərgisində iştirak etmək üçün Hindistanın 24 şirkətinin nümayəndəsi Azərbaycana gəlib

Siyasət Materials 23 Mart 2006 15:17 (UTC +04:00)

Trend bildirir ki, 2006-cı il martın 23-də Hindistanın Azərbaycandakı səfirliyində Bakıda "Hindistan Şou" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Hindistan hökumətinin ticarətin təşviqi üzrə Təşkilatının baş meneceri Prabxat Çandra Şarma burada çıxış edərək bildirib ki, sərgi bu səviyyədə keçirilən ikinci tədbirdir. İlk sərgi 1999-cu ildə keçirilib. Sərginin işində Hindistanın idxal və ixrac sahəsində fəaliyyət göstərən 24 şirkəti iştirak edəcək. Şirkətlərin əsas hissəsini parça, məişət mebeli, əczaçılıq, ərzaq və zərgərlik sənəti kimi sahələrdə çalışan firmalar təşkil edir. Şirkətlərin əksəriyyəti Hindistanın Racastan ştatını təmsil edəcək.

"Hindistan və Azərbaycanı birləşdirən ümumi cəhətlər çoxdur. Tarix və mədəniyyət nöqteyi-nəzərindən bizim ölkələrimiz çox yaxındır və biz ümid edirik ki, belə sərgilərin sayı daha da artacaq"-deyə Prabxat Çandra Şarma qeyd edib.

Öz növbəsində, Hindistanın Bakıdakı səfiri Cioti Svarup Pande bildirib ki, bu gün Hindistanın 30-dan çox şirkəti Azərbaycanda çalışır. Bu şirkətlərin əsas hissəsi isə əczaçılıq sahəsində fəaliyyət göstərir. "Belə sərgilər əlaqələrin daha da yaxşılaşdırılmasına imkan yaradar"-deyə səfir qeyd edib.

Qeyd edək ki, "Hindistan Şou" sərgisi martın 24-28-də Heydər Əliyev adına İdman-konsert kompleksində keçiriləcək. Tədbir Azərbaycanın Ticarət-sənaye palatası, Hindistanın ticarətin təşviqi üzrə Hökumət Təşkilatı və həmin ölkənin Bakıdakı səfirliyinin birgə səyi ilə təşkil edilib.

Xəbər lenti

Xəbər lenti