...

YAP-ın müstəqil namizədləri partiyanın vahid namizədlərinin xeyrinə geri çəkilirlər

Siyasət Materials 29 Mart 2006 11:43 (UTC +04:00)

Mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərə müstəqil şəkildə qatılan Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri partiyanın vahid namizədlərinin xeyrinə geri çəkilirlər. Bu barədə Trend ə YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

H.Paşayev onu da qeyd edib ki, YAP-ın təxminən 20 üzvü müstəqil şəkildə seçkiyə qatılmışdı. Onlardan yalnız 7-i partiyanın vahid siyahısındakı namizədlərin xeyirinə geri çəkilməyiblər: "Yerdə qalanlar isə öz namizədliklərindən imtina ediblər. Yaxın günlərdə həmin 7 namizəd də seçki marafonunu dayandıracaq".

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə bildirib ki, məlum məsələ ilə bağlı proses davam edir: "Sonuncu məlumata görə, 110 saylı Zaqatala seçki dairəsindən və 103 saylı Gədəbəy seçki dairəsindən YAP-ın müstəqil namizədləri partiyanın vahid namizədlərinin xeyrinə geri çəkiliblər".

Qeyd edək ki, YAP-ın vahid namizəd siyahısına 9 saylı Binəqədi seçki dairəsindən Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, 110 saylı Zaqatala seçki dairəsindən Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin rəisi Rizvan Vahabov, 119 saylı Ağdam kənd seçki dairəsindən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və 42 saylı Sumqayıt seçki dairəsindən Məcid Kərimov daxildir.

YAP İdarə Heyətinin qərarına görə, müstəqil şəkildə seçkiyə qatılan namizədlər partiyanın vahid siyahısında təmsil olan namizədlərin xeyrinə geri çəkilməlidirdər.

Xəbər lenti

Xəbər lenti