Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Türkiyədə səfərdədir. Bu barədə Trend ə Sabir Rüstəmxanlı məlumat verib. O, bildirib ki, 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar aprelin 1-dən başlayaraq 8-dək davam edəcək tədbirlərdə iştirak etmək məqsədilə Türkiyəyə gedib.
O, azərbaycanlıların soyqırımının 88-ci ildönümü ilə bağlı Ankara, İstanbul şəhərlərində keçirilən anım mərasimlərində, Türkiyənin universitetlərində təşkil olunan tədbirlərdə iştirak edib. Qeyd edək ki, Türkiyədə müxtəlif təşkilatlar, vəqflər, Azərbaycan dərnəkləri silsilə tədbirlər düzənləyiblər və bu mərasimlər bir neçə gün davam edəcək. S.Rüstəmxanlının sözlərinə görə, Türkiyənin kütləvi informasiya vasitələri bu tədbirlərə, azərbaycanlıların 1918-ci ildə erməni quldurları tərəfindən soyqırıma məruz qalması faktına xüsusi diqqət ayırıblar. S.Rüstəmxanlı iştirak etdiyi bütün konfranslarda, görüşlərdə, həmçinin aprelin 4-də Türkiyənin telekanallarında çıxışı zamanı erməni təcavüzü, türklərin tarix boyu ermənilər tərəfindən işğala, terrora, soyqırıma məruz qalması barədə danışıb. VHP sədri Azərbaycanın Türkiyədəki səfirliyinin, ölkəmizin İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirlərə də qatılıb. Onun sözlərinə görə, yüksək səviyyədə təşkil olunan və xarici ölkələrdən də qonaqların işt
irak etdiyi bu mərasimlərdə erməni təcavüzü ilə bağlı təbliğat aparılır, tarixi faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır: "Bu mərasimlərin təşkili həm də ermənilərin qondarma soyqırım iddialarının qarşısını almaq, bu iddiaları ifşa etmək məqsədi daşıyır və ermənilərin aprel ayında uydurma "erməni soyqırımın ildönümünü" qeyd etmək üçün keçirdikləri tədbirlərə cavab olaraq düzənlənir".
VHP sədri aprelin 9-dan 12-dək İstanbulda keçiriləcək İslam Konfransı Təşkilatı Parlament İttifaqının IV sessiyasında da iştirak edəcək. O, Türkiyədə səfəri çərçivəsində siyasi partiyaların nümayəndələri, millət vəkilləri ilə görüşlər keçirib.