Türkiyə həmişə beynəlxalq strukturlarda Azərbaycanın maraqlarının müdafiəsindən çıxış edib və edəcək. Bu barədə aprelin 11-də Strasburqda Trend in müxbirinə müsahibəsində Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Murad Mərcan bəyan edib.
"Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin hazırki səviyyəsi eks-prezilent Heydər Əliyevin sözlərində aydın şəkildə ifadə olunub: "Bir millət, iki dövlət",- deyə Türkiyənin nümayəndə heyətinin rəhbəri bildirib. O, "iki dövlət arasında dostluq münasibətləri hər iki ölkədə hakimiyyətə hansı qüvvənin gəlməsindən asılı olmayaraq inkişaf edəcək"", - deyə bildirib.
"Biz (Türkiyə - Trend ) Azərbaycanın mövqeyini müdafiə etməyi öz borcumuz hesab edirik. Bizim də həmçinin, Azərbaycanın Türkiyənin mövqelərini bütün səviyyələrdə, AŞ, BMT və digər istənilən hər hansı bir strukturda müdafiə edəcəyinə xırdaca da olsa şübhəmiz yoxdur",- deyə türkiyəli parlamentari bildirib.
Azərbaycanın Milli Məclisinə (parlamentə) qarşıdakı təkrar seçkilərə toxunan M. Mərcan deyib ki, 2006-cı il mayın 13-dəki səsvermə beynəlxalq standartlar səviyyəsində keçiriləcək. "Mən təkcə arzu etmirəm, həm də əminəm ki, seçkilər şəffaf və son dərəcə demokratik, Avropa Şurasının standartlarına müvafiq keçiriləcək", - deyə M. Mərcan qeyd edib.
Eyni zamanda, o bildirib ki, yuxarıda göstərilənlərə baxmayaraq, "Avropa Şurasının bəzi parlamentariləri Azərbaycana qarşı arzuolunmaz mövqedən çıxış edirlər və bu istiqamətdə müəyyən təşəbbüslər var". "Bizim Azərbaycandakı qardaşlarımız bilməlidirlər ki, hər iki ölkənin maraqlarının müdafiəsi Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin birinci növbəli borcudur".