...

Hüseyn Bağırov: İşğal olunmuş ərazilərdə ermənilərin təbii sərvətlərə vəhşi münasibəti haqqında təkzibedilməz faktlar toplamışıq

Siyasət Materials 19 Aprel 2006 12:15 (UTC +04:00)
Hüseyn Bağırov: İşğal olunmuş ərazilərdə ermənilərin təbii sərvətlərə vəhşi münasibəti haqqında təkzibedilməz faktlar toplamışıq

Trend in suallarını ekologiya və təbii sərvətlər naziri cavablandırır

- Azərbaycanın Zəngilan rayonu ərazisində olan Avropada yeganə çinar meşəliyinin ermənilər tərəfindən vəhşicəsinə kəsilməsi məsələsi ilə bağlı hansı addımları atmağı planlaşdırırsınız?

- Bildiyiniz kimi, Azərbaycan Respublikası çox zəngin təbiətə malikdir. Bu təkrarolunmaz təbiət gözəlliklərindən biri də Zəngilan rayonu ərazisindəki 107 ha sahəni əhatə edən Bəsitçay Dövlət Təbiət Qoruğunun balansında olan dünyada ikinci, Avropada birinci, Yura dövrünə aid təbii çinar meşələridir. Əfsuslar olsun ki, işğal altında qalan bütün təbii sərvətlərimiz kimi bu füsunkar meşələr də erməni işğalçıları tərəfindən vəhşicəsinə talan olunur. Məhz bu əməllərin nəticəsidir ki, Ermənistan qiymətli ağaclardan hazırlanmış ən müxtəlif materilların satış həcmini dəfələrlə artıraraq xaricə satır.
Nazirlik tərəfindən erməni qəsbkarlarının təbiətimizə vurduğu sağalmaz yaraları ölkə və dünya ictimaiyyətinə çatdırmaq məqsədilə hazırda "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) Operativ Mərkəz"in II Hesabatının son variantı redaktə olunur. Hesabatda ermənilər tərəfindən işğal olunmuş ərazilərdə ətraf mühitə və təbii sərvətlərə vəhşi münasibəti əks etdirən təkzibedilməz faktlar toplanmışdır. Operativ Mərkəzin II Hesabatının ingilis dilinə tərcümə edilmiş variantının ölkəmizdə akkreditə olunmuş səfirliklərə, beynəlxalq təşkilatlara və dünyanın aparıcı dövlətlərinə, onların Ətraf Mühit Nazirliklərinə göndərilməsi nəzərdə tutulur.
İşğal olunmuş Azərbaycan ərazilərində təbii ehtiyatların xarici şirkətlər tərəfindən istismarı ilə əlaqədar BMT, ATƏT və Avropa Birliyinə, qoşulduğumuz müvafiq beynəlxalq Konvensiyaların katibliklərinə və digər beynəlxalq qurumlara müvafiq məktublar göndərilmişdir.
Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə ətraf mühitin və təbii sərvətlərin qəddarlıqla dağıdılmasına görə milli və beynəlxalq qanunların pozulması ilə əlaqədar cinayətkarların cəzalandırılması üçün onların beynəlxalq məhkəmələrə verilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Bundan başqa, beynəlxalq səviyyədə keçirilən bütün tədbirlərdə, o cümlədən BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (BMT AİK), NATO, Vəhşi Təbiət Fondu və digər beynəlxalq qurumlar tərəfindən təşkil edilən görüşlərdə də işğal olunmuş Azərbaycan ərazilərində təbii sərvətlərin talan edilməsi, xüsusilə çox qiymətli şərq çinarlarının və digər qiymətli ağacların kəsilərək xaricə satılması barədə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
Almaniya Federativ Respublikasının Berlin şəhərində "Qafqazda təbiətin mühafizəsi - Bioloci müxtəlifliyə dair Konvensiyanın yerinə yetirilməsində transsərhəd əməkdaşlıq" mövzusunda 2006-cı ilin mart ayında nazirlər səviyyəsində keçirilən konfransda da işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi, meşə örtüyünün məhv edilməsi və həmin ərazilərdə narkotik bitkilərin becərilməsi və s. problemlər tərəfimdən bütün ciddiliyi ilə qoyulmuşdur.
Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisində, Rəzdərə kəndində quraşdırılmış ağac emalı sexlərində şərq çinarı və digər qiymətli ağac növlərindən hazırlanan işlik materialların satıldığı xarici şirkətlərin adlarını dəqiqləşdirmək, xarici özəl şirkətlər vasitəsilə satılan qeyri-qanuni əmtəənin onlar tərəfindən alınıb-satılmasına müvafiq qadağalar qoyulmasına nail olmaq, əks halda həmin şirkətlərin maliyyə fəaliyyətinə təsir edə biləcək müvafiq iddialar qaldırmaq məqsədilə müvafiq işlər aparılır.
Həmçinin işğal olunmuş Azərbaycan ərazilərində təbii ehtiyatların qəddarlıqla dağıdılması ilə bağlı tərəfimizdən kütləvi-informasiya vasitələrinə məlumatlar verilir və televiziya kanallarında bu faktları əks etdirən, müxtəlif vasitələrlə əldə olunmuş videoçəkilişlər nümayiş etdirilir. İşğal olunmuş ərazilərdə yerləşən inzibati rayonların işğala qədər və işğaldan sonrakı vəziyyətini əks etdirən bukletlərin buraxılması və ingilis dilinə tərcumə edilərək yayılması üzərində iş aparılır.

- Nazirlik bu problemin həlli üçün Zəngilan rayonuna ekspedisiyalar edəcək, monitorinq keçirəcək və Azərbaycanın göstərdiyi faktları təsdiq edəcək beynəlxalq ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edəcəkmi ?

- Bu problemin həlli üçün işğal olunmuş ərazilərdə ATƏT-in "Ətraf mühit və təhlükəsizlik" Proqramına uyğun olaraq tədbirlərin həyata keçirilməsi planlaşdırılır. İlk növbədə yaranmış ekoloji vəziyyət beynəlxalq təşkilatların diqqətinə çatdırılacaq və bu istiqamətdə beynəlxalq fikir formalaşdırılacaq.

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin bəzi rayonlarında aşkar edilmiş "quş qripi" xəstəliyinin qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirməyi nəzərdə tuturmu?

- Hələ 2005-ci ilin 11 oktyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 459/ü nömrəli əmri ilə quş ovuna qadağa qoyulmuş, nazirliyin müvafiq qurumlarına quş ovuna icazə verilməsinin dayandırılması, yerlərdə əhali arasında təbliğat işləri aparılması, respublika ərazisində, xüsusən köçəri quşların miqrasiya etdiyi ərazilərdə ovetmə hallarına qarşı mübarizənin gücləndirilməsi tapşırılmışdır.
2005-ci ilin 26 oktyabr tarixində "Azərbaycan Respublikası ərazisinə quş qripi xəstəliyinin gətirilməsi və yayılmasının qarşısının alınmasına dair Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin 2005-2006-cı illər üzrə birgə Tədbirlər Planı" təsdiq edilmişdir.
ETSN tərəfindən plana uyğun olaraq xəstəliyin qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilmiş və hazırda bu iş davam etdirilir.
Əhali arasında virusla mübarizə, ondan qorunmaq üçün "Vəhşi köçəri quşlar arasında yüksək patogenli ilkin "quş qripi" xəstəliyi əleyhinə profilaktik tədbirlərin aparılması qaydaları" işlənib hazırlanmış və bu qaydalardan nazirliyin tabeli qurumları tərəfindən respublikanın bütün bölgələrində əhalinin maarifləndirilməsi istiqamətində istifadə edilir.
Eyni zamanda, çöl quşlarının ovlanması və satışının qarşısının alınması üçün öz səlahiyyətləri daxilində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Daxili İşlər və Vergilər nazirliklərinə rəsmi müraciətlər edilmiş, respublika ərazisində ov təsərrüfatı aparmaq hüququ olan fiziki və hüquqi şəxslər müvafiq qaydada məlumatlandırılmışdır.
Azərbaycan prezidentinin "Azərbaycan Respublikası ərazisində "quş qripi" xəstəliyinin profilaktikasına dair tədbirlər planınının yerinə yetirilməsinə dair 16 fevral 2006-cı il tarixli, 1320 saylı sərəncamı ilə "quş qripi" xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası yaradılıb və bu komissiyanın tapşırığına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:
Xüsusi Komissiya və İşçi Qrup yaradılmış, tədbirlər planı işlənib hazırlanmış, "quş qripi"nə qarşı monitorinqdə və profilaktik tədbirlərin keçirilməsində iştirak edən əməkdaşlar xüsusi geyim və avdanlıqlarla təchiz edilmişlər;
Nazirlikdə və əlaqədar qurumlarda qərargahlar yaradılmış, yerli qurumların xidməti ərazilərində vəhşi təbiətdə keçirilən gündəlik monitorinqin nəticələri "Qaynar xətt" vasitəsilə nazirliyə çatdırılır. Nəticələr ümumiləşdirilərək gündəlik və aylıq bülletenlər formasında çap olunarur və əlaqədar nazirlik və təşkilatlara təqdim olunur;
Su hövzələrinin, içməli su anbarlarının köçəri quşların cəsədləri ilə çirklənməsinin qarşısını almaq məqsədilə əlavə təlimatlandırılmış işçi qüvvəsi Baytarlıq Xidməti ilə birlikdə zərərsizləşdirmə işini həyata keçirir;
Respublika ərazisində vəhşi təbiətdəki köçəri quşların qan və cəsədlərindən nümunələrin götürülməsi məqsədilə Dövlət Baytarlıq Xidmətinin nümayəndələri ilə birlikdə seromonitorinqlər keçirilir;
Köçəri quşların miqrasiya yollarının dəqiqləşdirilməsi, hansı ölkələrdən gəlmələri və geri qayıtma vaxtları, "quş qripi" xəstəliyinin ocaq yerlərinin müəyyən edilməsi ilə əlaqədar Azərbacjan Milli Elmlər Akademiyasının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə yaradılmış Komissiya tərəfindən xəritələr işlənib hazırlanmışdır;
"Quş qripi"nin profilaktikasına birinci növbədə tələb olunan avadanlıq, əşyalar və s. alınması üçün Maliyyə Nazirliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 200 000 manat (AZN) vəsait ayrılmışdır ki, bu da fəaliyyətimizin daha da effektiv təşkilinə kömək edəcək.

- Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərinin təmizlənməsi üzrə layihə çərçivəsində hansı tədbirlər həyata keçirilir? Nazirlik Abşeron yarımadasında ərazilərin təmizlənməsini həyata keçirməyə hazırdır, yoxsa xarici şirkətlərin podratçı kimi cəlb olunmasına zərurət var?

- Əvvəla qeyd etmək lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi neftlə çirklənmiş ərazilərin təmizlənməsinin həyata keçirilməsinə birbaşa cavabdeh qurum deyildir.
Lakin bu bir həqiqətdir ki, Abşeron yarımadasının ərazisində ekoloji böhran həddini tarixən formalaşdıran əsas mənbələrdən biri neft-qaz hasilatı və kəşfiyyat-qazma sənayesi sahələridir. Tarixi inkişafa malik olan neft-qaz sənayesindən neft, lay suları və digər qazma tullantıları ilə çirklənmiş torpaqlar miras qalmışdır. Hazırda Abşeron yarımadasının ərazisində antropogen fəaliyyət nəticəsində yararsız vəziyyətə düşmüş torpaq sahələrinin ümumi sahəsi 33,3 min hektara çatır ki, bunun da 10,6 min hektarı və ya 31,8 %-i neft hasil edən rayonların payına düşür. Neft-qaz hasilatının inkişafı nəticəsində Sabunçu rayonu ərazisində 315,3 ha, Suraxanı rayonu ərazisində 190,8 ha, Binəqədi rayonu ərazisində 77,3 ha, Səbail rayonu ərazisində 206 ha, Qaradağ rayonu ərazisində 469,1 ha, Əzizbəyov rayonu ərazisində isə 95,5 ha mazutlaşmış torpaq sahələri atılmış vəziyyətdə qalmışdır.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən problemlərin həlli istiqamətində əməli tədbirlər həyata keçirilmiş və onların aradan qaldırılması üçün bir sıra işlər görülmüşdür.
Bildiyiniz kimi, 150 ilə yaxın bir dövrdə davamlı çirklənməyə məruz qalmış ərazilərin bir və ya bir neçə qurum tərəfindən təkbaşına və qısa müddətdə təmizlənməsi qeyri-mümkündür. Nazirlik tərəfindən isə öz növbəsində bu ərazilərin monitorinqi aparılmış, çirklənmə səviyyəsi öyrənilmiş, ərazinin böyük miqyaslı xəritəsi tərtib olunmuş, proqnoz və təkliflər hazırlanmışdır.
Problemlərin həlli ilə əlaqədar aşağıda qeyd olunan ekoloji tədbirlər layihə sənədləri işlənərək başa çatdırılmış, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına və Nazirlər Kabinetinə təqdim edilmişdir:
"Abşeron yarımadasının ekoloji vəziyyəti və onun yaxşılaşdırılması üçün zəruri tədbirlər haqqında";
"Bibi-Heybət zonasında ekoloji vəziyyətin yaxşılaşdırılması haqqında";
"Abşeron yarımadasının Heydər Əiyev adına Beynəlxalq Aeroportu ərazisinin ətraında ekoloji vəziyyət və onun yaxşılaşdırılması haqqında".
Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərində son illərdə az da olsa, rekultivasiya işləri aparılmışdır. Belə ki, Dövlət Neft Şirkətində neftlə çirklənmiş torpaqların təmizlənməsi məqsədi ilə xüsusi idarə yaradılmış və neft-qaz çıxarma idarələrinin illik rekultivasiya tədbirləri planına uyğun olaraq, neftlə çirklənmiş torpaqların rekultivasiyası işləri görülür. Qeyd olunmalıdır ki, neft şirkətinin müvafiq qurumları tərəfindən aparılan işlər daxili maliyyə mənbələri hesabına həyata keçirilir.
Eyni zamanda "Təxirəsalınmaz ekoloji investisiyalar layihəsi çərçivəsində" Dünya Bankının krediti hesabına Amerikanın "EN SEYP" şirkəti tərəfindən Binəqədineft ərazisində 90 ha sahədə rekultivasiya işlərinin həyata keçirilməsi başa çatdırılmışdır. Bundan başqa, qeyri- hökumət təşkilatları tərəfindən qrantlar əsasında bir neçə pilot layihələri işlənilmişdir.
Yaxın vaxtlarda hökumət tərəfindən bu sahədə daha iri miqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

- Dəfələrlə qeyd olunub ki, Azərbaycanda yanacağın pərakəndə satış qiymətinin artırılmasından sonra ölkənin regionlarında ağacların kəsilməsi halları artıb. Nazirlik ağacların kəsilməsinin qarşısını almaq üçün hansı tədbirləri görür?

- Yanacağın pərakəndə satış qiymətinin artırılmasından sonra rayonlarda meşələrin qırılması hallarının artması fikri reallığı əks etdirmir. Belə ki, 2005-ci ilin yekunu göstərir ki, meşələrdən qanunsuz ağacqırma halları 2004-cü illə müqayisədə 18 faiz azalmışdır. Bildiyiniz kimi, nazirlik yarandığı gündən meşələrin qırılmasının qarşısının alınması üçün mühafizə tədbirlərini gücləndirmişdir. Meşə təsərrüfatları rəhbərlərinə və meşə gözətçilərinin fəaliyyətinə nəzarət gücləndirilmiş, tələbkarlıq qat-qat artırılmışdır. Təkcə 2005-ci ildə 475 meşə mühəfizəçisi işçisi inzibati məsuliyyətə cəlb olunmuş, 119 nəfər isə tutduğu vəzifədən azad edilmişdir. ETSN-nin müraciəti əsasında Nazirlər Kabinetinin müvafiq qərarı ilə qanunsuz ağac kəsilməsinə görə cərimələrin məbləği artırılmışdır. Həmçinin ölkəyə daş kömürün gətirilməsinə başlanılmış, ağac və ağac materiallarının respublikaya idxalı 2,3 dəfə artmışdır. Möhtərəm prezidentimiz İlham Əliyevin regionlara qayğısı, müvafiq dövlət proqramlarının həyata keçirilməsi, onun göstərişləri əsasında regionların qaz və elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması da bu sahədə müsbət irəliləyişlərə səbəb olmuşdur. Bütün bu görülən işlərin nəticəsində meşələrə təzyiqlər nisbətən azalmışdır.

Xəbər lenti

Xəbər lenti