Azərbaycan və Türkiyə terrorçuluqla birgə mübarizə konsepsiyası həyata keçirməyi qərara alıb. Trend xəbər verir ki, bununla bağlı aprelin 19-da Bakıda Azərbaycan və Türkyənin daxili işlər nazirləri arasında fikir mübadiləsi aparılıb.
Azərbaycanın daxili işlər naziri general polkovnik Ramil Usubovla Tükiyənin daxili işlər naziri Abdulkadir Aksu arasında keçirilən görüşdə iki ölkə arasında digər sahələrdə olduğu kimi cinayətkarlıqla mübarizə sahəsində də səylərin birləşdirilməsi məsələsi müzakirə olunub. Ramil Usubov qonağın nəzərinə çatdırıb ki, keçən əsrin 90-cı illərindən Azərbaycanla Türkiyə arasında münasibətlər qurulub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə iki ölkə arasında imzalanmış çoxsaylı sənədlərlə bu münasibətlər hüquqi təsdiqini tapıb.
"Azərbaycanın daxili işlər orqanı Türkiyənin müvafiq qurumunun təcrübəsini daim öyrənir və bundan şərəf duyur. Daxili Qoşunların 200-dən artıq əməkdaşı təhsilini Türkiyədə alıb. Son 9 il ərzində DİN-in 100-dən artıq əməkdaşı Türkiyə DİN-nin mütəxəssisləri tərəfindən keçirilən seminarlarda, dəyirmi masalarda və treninqlərdə iştirak edərək təcrübə toplayıb. Türkiyənin təmənnasız yardımını daim hiss etmişik" - deyə R.Usubov söyləyib.
R.Usubov türkiyəli həmkarına Azərbaycandakı kriminal durumun tam nəzarət altında olması, cinayətlərin 10 il əvvəllə müqayisədə xeyli azalması barədə də məlumat verib.
Türkiyənin daxili işlər naziri Abdulkadir Aksu dünyada qanunsuz narkotiklərin daşınmasında və digər məsələlərdə Azərbaycanla Türkiyədən tranzit ölkə kimi istifadə olunmasından narahatlığını dilə gətirib.
Nazir qeyd edib ki, belə halların qarşısını almaq üçün Azərbaycanla Türkiyənin xüsusi xidmət orqanları birgə fəaliyyət göstərməli və mübarizəni daha da gücləndirməlidirlər.
Görüş zamanı nazirlər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə, regionda əmin-amanlığa və sabitliyə ciddi təhlükə yaradan terrorçuluq, silahların və narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də transmilli mütəşəkkil cinyətkarlığın digər növləri ilə mübarizə problemlərinin həllində tam yekdil olduqlarını bəyan ediblər.
Terrorçuluqla mübarizədə yüksək nailiyyətlərin yalnız beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi sayəsində mümkün olacağına əminliyini bildirən nazirlər, bu sahədə məlumat mübadiləsini əhatə edən birgə mübarizə konsepsiyası həyata keçirməyi qərara alıblar.
Görüşün sonunda hər iki nazir qeyd olunan cinayətkarlıqlara qarşı birgə fəaliyyət məsələlərini tənzimləyən sənədlər imzalayıblar.