Polşanın xarici işlər naziri Stefan Mellerin Azərbaycana rəsmi səfərinə hazırlıq işləri gedir. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Voytsex Quretski məlumat verib.
Onun sözlərinə görə, Polşa tərəfi artıq Azərbaycan tərəfinə hazırda nəzərdən keçirilən səfərin konkret tarixini təqdim edib. "Səfərin iyunun ikinci yarısında həyata keçirilməsi planlaşdırılıb. Hazırda Azərbaycan tərəfinin cavabını gözləyirik, -deyə diplomat bildirib.
Səfər zamanı iki ölkə arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin inkişaf perspektivləri müzakirə edilir. Nazirin səfəri zamanı ayrıca hər iki ölkənin XİN-ləri arasında məsləhətləşmələr aparılacaq. Diplomatın sözlərinə görə, səfər zamanı hər hansı bir sənədin imzalanacağı nəzərdə tutulmayıb.
Diplomat yaxın vaxtlarda iki ölkənin diplomatları proqramın və danışıqların gündəliyinin hazırlanmasına başlayacaqlarını bildirib.