Aperilin 27-də ABŞ-da səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Amerika-Azərbaycan ticarət-sənaye palatası tərəfindən təşkil olunmuş konfransda çıxış edib.
Trend agentliyi AzTV telekanalına istinadən xəbər verir ki, dövlət başçısı öz çıxışında iştirakçıları Azərbaycanda gerçəkləşdirilən enerji layihələri və ölkənin sosial-iqtisadi həyatı barədə məlumatlandırıb. O qeyd edib ki, iqtisadiyyatın inkişaf etdirilməsi vasitəsilə regional layihələrin gerçəkləşdirilməsinə, eləcə də bütün Cənubi Qafqazın Avroatlantik məkana inteqrasiyasına təkan verilib.
İ.Əliyev həmin layihələrin gerçəkləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsində beynəlxalq ictimaiyyətin rolunu önə çəkib. Prezidentin sözlərinə görə, ölkədə əsas diqqət həm neft, həm də qeyri-neft sektoruna yönəldilib. Bu məqsədlər üçün dövlət büdcəsindən təxminən 1 mlrd. dollar ayrılıb ki , bu da iqtisadiyyatın bir çox sahələrinin inkişafına təkan verəcək.
Dövlət başçısı Azərbaycanda yerli və xarici investorların ölkə iqtisadiyyatına kapital yatırmasına imkan verən əlverişli mühit yaradıldığı haqqında məlumat verib.
Azərbaycan prezidenti qeyd edib ki, neft gəlirləri əhalinin ehtiyaclarına, sosial müdafiəsinə və yeni iş yerlərinin açılmasına sərf olunur.
Aprelin 28-də Azərbaycan prezidenti öz amerikalı həmkarı Corc Buşla görüşəcək.