...

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Siyasət Materials 11 May 2006 19:41 (UTC +04:00)

Mayın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda MSK-ya daxil olan şikayətlərə baxılıb.

MSK üzvləri Fuad Cavadov, Ramiz İbrahimov, Qabil Orucov və digərləri komissiyaya daxil olmuş şikayətlər barədə məlumat veriblər. 110 saylı Zaqatala, 42 saylı Sumqayıt ikinci, 38 saylı Gəncə-Nizami ikinci və digər seçki dairələrindən namizədlər və seçicilər tərəfindən daxil olmuş şikayətlər müzakirəyə çıxarılıb. 42 saylı dairədən deputatlığa namizəd Mirmahmud Mirəlioğu şikayətində həmin dairədə başqa bir namizədin seçiciləri ələ almaq üçün tədbirlər gördüyünü, tikinti, təmir işləri apardığını iddia edib və bunları göstərən çoxlu şəkillər təqdim edib.

M.Mirəlioğlu eyni zamanda dairə seçki komissiyalarının formalaşdırılması ilə bağlı, konkret olaraq nümayəndələrin ərazi vahidləri üzrə təyin olunması barədə şikayət ünvanlayıb. MSK sədri və komissiya üzvləri hər iki iddianın hüquqi əsası olmamasını əsas gətirərək təmin etməyiblər. İclasda iştirak edən 42 saylı dairənin dairə seçki komissiyasının sədri Seyidrza Seyidov da bildirib ki, bu şikayətləri araşdırıb və məlum olub ki, sözügedən tikinti və təmir işlərini Sumqayıt şəhər bələdiyyəsi və Mənzim Kommunal İstismar İdarəsi aparır, buna görə də şikayətin əsası yoxdur.

38 saylı Gəncə-Nizami ikinci seçki dairəsindən deputatlığa namizəd Mürşüd Məmmədlinin də şikayətinə baxılarkən iddiasını sübut edəcək rəsmi sənəd və videoyazı olmadığı əsas gətirilərək təmin edilməyib. 110 saylı Zaqatala seçki dairəsindən şikayət göndərən seçicilərin ərizəsi əsli deyil, faksla göndərilmiş surəti olduğu üçün ona baxılmasının düzgün olmadığı bildirilib. 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki daiərsindən də göndərilən şikayət təmin edilməyib.

Xəbər lenti

Xəbər lenti