...

ATƏT-in Minsk Qrupu: Nizamlanmanın əsas prinsipləri üzrə razılığa gəlməyin vaxtı çatıb

Siyasət Materials 24 May 2006 19:11 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu: Nizamlanmanın əsas prinsipləri üzrə razılığa gəlməyin vaxtı çatıb

Dağlıq Qarabağ münaqişəsi üzrə hər iki tərəf nizamlanmanın əsas prinsipləri üzrə razılığa gəlməlidirlər. Rusiya, Fransa və ABŞ beynəlxalq birliyin bu münaqişənin yalnız sülh yolu ilə nizamlana biləcəyi qənaətini qeyd edir. Trend in verdiyi məlumata görə, bu barədə mayın 24-də Bakıda ATƏT-in Minsk Qrupu həmsədrləri səviyyəsində təmsil olunmuş ölkələrin elan etdikləri birgə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan öz ictimaiyyətlərini müharibəyə deyil, sülhə hazırlamalıdırlar.

ABŞ dövlət katibinin müavini Deniel Frid Bakıya səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirildiyini bildirib. Həmin görüşlər zamanı münaqişənin nizamlanmasının gələcək çox mühüm aspetləri müzakirə olunub və iki ölkə prezidentinin yaxın gələcəkdə görüş imkanları hazırlanıb.

Amerika diplomatının sözlərinə görə, Bakıdakı müzakirələr konstruktiv olub. Sabah biz Yerevana gedirik. Daha sonra rəhbərliyimizə məruzələri təqdim etmək üçün paytaxtımıza qayıdacağıq.

Öz növbəsində, Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin qeyd edib ki, hazırki bu cür missiya xüsusi xarakter daşıyır və onu ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşmasının və xüsusilə də hər iki tərəfi razı salacaq sərfəli razılaşmanın əldə oluna biləcəyi məqamın yetişdiyinə inamımızın sübutu kimi qəbul etmək lazımdır. "Bunun baş verməsi hazırda Azərbaycan və Ermənistandan asılıdır", -deyə Q.Karasin bildirib və missiyanın Bakını ümid və inamla tərk etdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti