...

Aydın Mirzəzadə: "Heç kəs Azərbaycan xalqına qarşı belə addım atmağa cəsarət etməməlidir, çünki cavab reaksiyası bundan da ağır ola bilər"

Siyasət Materials 25 May 2006 12:26 (UTC +04:00)

Heç kəs Azərbaycan xalqına qarşı belə addım atmağa cəsarət etməməlidir, çünki cavab reaksiyası bundan da ağır ola bilər". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili, politoloq Aydın Mirzəzadə İranda soydaşlarımıza qarşı aparılan repressiyalara münasibət bildirərkən qeyd edib.

A.Mirzəzadə bildirib ki, İranda baş verən hadisələr onun daxili işidir: "İran dövləti, burada yaşayan xalqlar, o cümlədən 30 milyonluq Azərbaycan xalqının da kifayət qədər imkanı və bacarığı var ki, bu məsələni yoluna qoysun. Göründüyü kimi birinci günün gərginliyindən sonra bu məsələ yoluna qoyuldu. İlk günlər dinc əhaliyə qarşı zorakılıq addımları atılması kökündən səhv olsa da, sonradan hakimiyyət düzgün mövqe tutdu. Azərbaycan xalqını təhqir edən qəzet bağlandı, redaktoru həbs edildi, ölkənin mədəniyyət naziri Azərbaycan xalqından üzr istədi. Bunların hamısı müsbət haldır".

Millət vəkili onu da vurğulayıb ki, İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin Azərbaycan xalqı haqqında yüksək fikir söyləməsi də məsələnin həllinə təsir göstərib: "İranda böyük nüfuz sahibi olan Rəfsəncaninin fikrini ölkənin sağlam və demokratik insanlarının fikri kimi qəbul etmək olar". Politoloq ümid etdiyini bildirib ki, bundan sonra məsələlər gərginləşməyəcək və Azərbaycan xalqına qarşı təhqiramiz fikirlərin işlədilməsinə heç bir şərait yaradılmayacaq.

A.Mirzəzadə hadisənin baş verməsinin səbəblərini də qısa olaraq təhlil edib. Politoloq bildirib ki, görünür, İran cəmiyyətində Azərbaycan xalqına qarşı nəticəsini düşünmədən addım atmaq istəyən qüvvələr var: "Həmin qüvvələr Azərbaycanın İran dövlətinə sədaqətli və qanunpərəst olduğundan sui-istifadə etməyə çalışaraq onun hissiyyatı ilə oynamağa cəhd göstərirlər. Burada fars şovinizmi də, indiki vəziyyətdə uduzduğunu hiss edən erməni diasporunun da rolu ola bilər. Fikir verdinizmi, bu hadisələrdə erməni diasporunun reaksiyası olmadı. Amma istisna deyil ki, onlar hadisələri qızışdırsınlar".

Millət vəkili qeyd edib ki, heç bir qüvvə yüz minlərlə soydaşımızı küçələrə çıxmağa təhrik edə bilməz: "Azərbaycan xalqı təmkinli və ağıllıdır. Ancaq təhqir olunandan sonra burada təhrikə ehtiyac qalmır". Politoloq qeyd edib ki, Azərbaycan dövləti məlum hadisələrlə bağlı rəsmi mövqeyini bildirməsə də, Milli Məclisdə, ictimai fikridə bu məsələyə münasibət bildirilib, İranda baş verənlər pislənilib.

Xəbər lenti

Xəbər lenti