...

Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan prezidentlərinin Buxarest danışıqlarında ciddi irəliləyiş əldə olunmayıb

Siyasət Materials 6 İyun 2006 13:38 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentlərinin Buxarest danışıqları zamanı böyük irəliləyişin əldə olunduğunu demək olmaz və hazırda tərəflərin mövqelərini uyğunlaşdırmaq lazımdır. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 6-da jurnalistlərlə söhbətində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.

Onun sözlərinə görə, iyunun 6-7-də ATƏT-in Minsk Qrupu həmsədrləri Buxarestdə əlavə görüşlər keçirəcək, bundan sonra əgər zərurət yaranarsa, o zaman Azərbaycan və Ermənistan XİN başçıları danışıqların növbəti raundunu keçirəcək.

"Münaqişənin sülh yolu ilə nizamlanması ümidi qalmaqdadır və biz səylərimizi bu istiqamətə yönəltməyi davam etdirmək niyyətindəyik", - deyə nazir qeyd edib.

"Tərəflərin mövqeyinin yaxınlaşdırılması istiqamətində işlər davam edir. Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və qaçqınların öz evlərinə qayıtması məsələsi müzakirələrdən kənardadır", - deyə o bildirib.

E.Məmmədyarov qeyd edib ki, iqtisadi muxtariyyət məsəsində Azərbaycan tərəfi geniş muxtariyyətə malik Triest modelinin tətbiqini istisna etmir. "Ancaq muxtariyyət məsələsi Dağlıq Qarabağın təkcə erməni deyil, həm də Azərbaycan icmasına aiddir", - deyə XİN başçısı əlavə edib. O, referendum məsələsinin Azərbaycanın konstitusiyasında öz aydın əksini tapdığını vurğulayıb.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin rotasiyasına gəlincə, E.Məmmədyarov qeyd edib ki, yeni amerikalı həmsədrin adı hələlik məlum deyil və bu məsələ yaxın 1-2 ayda aydınlaşacaq. "Təkcə onu deyə bilərəm ki, ABŞ həqiqətən Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllini arzulayır", - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti