İyunun 13-də "Park İnn" otelində "Qurtuluşdan başlanan yol: Heydər Əliyev neft strategiyası təntənəsi" mövzusunda konfrans keçirilib. Trend xəbər verir ki, konfrans hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 15 iyun Milli Qurtuluş Günü münasibətilə keçirilib.
Konfransı açan YAP sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov mərhum prezident Heydər Əliyevin 13 il bundan öncə Bakıya qayıdışı nəticəsində Azərbaycan xalqının o vaxt üzləşdiyi problem və parçalanmadan xilas olduğunu bildirib: "Heydər Əliyevin Bakıya gəlişi ilə Azərbaycan tarixinin yeni bir dövrü başlayıb. Onun gəlişinədək anarxiya, siyasətdə naşılıq mərhələsi başa çatdı. Heydər Əliyevin qayıdışı ilə Azərbaycanda siyasətin, dövlətçiliyin, xalqın mənafeyinə xidmət etməsi mərhələsi başlayıb. Heydər Əliyevin tarixi qayıdışı bir yandan Azərbaycanın dövlətçilik ənənələrinin əsasının qoyulması üçün, digər tərəfdən Azərbaycanda təhlükəli ictimai-siyasi proseslərin cilovlanmasının əsasını qoyub".
Mövzu ilə bağlı çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, Heydər Əliyevin qayıdışı nəticəsində Azərbaycan xalqı yenidən özünü dərk etdi. Azərbaycan xalqının, dövlətinin və millətinin qurtuluşu məhz Heydər Əliyevin məlum qayıdışı ilə bağlıdır.
Digər natiqlər də 1993-cü il iyunun 15-də Heydər Əliyev qayıdışının Azərbaycan xalqı və dövlətçiliyi üçün əhəmiyyətindən danışıblar.
Konfransda Milli Məclisin üzvləri, partiya sədrləri, QHT rəhbərləri və dövlət rəsmiləri iştirak ediblər.