...

Metyu Brayza ATƏT-in Minsk Qrupunda yeni amerikalı həmsədr kimi təmsil olunacaq

Siyasət Materials 16 İyun 2006 13:01 (UTC +04:00)
Metyu Brayza ATƏT-in Minsk Qrupunda yeni amerikalı həmsədr kimi təmsil olunacaq

ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Metyu Brayza iyunun 22-də Vyanada rəsmən təmsil olunacaq. Bu barədə Trend ə ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Conatan Henik məlumat verib.

Onun sözlərinə görə, M.Brayzanın ATƏT MQ-nın yeni amerikalı həmsədri kimi Dağlıq Qarabağ münaqişəsi regionuna səfəri ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, M.Brayza iyunun 5-6-da ABŞ dövlət katibinin köməkçisi qismində Bakıya səfər edib. Bakıda olarkən Trend ə eksklüziv müsahibəsində M.Brayza bəyan edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. "Əgər prezidentlər münaqişənin nizamlanması prosesinin inkişafı üçün mürəkkəb və cəsarətli qərarlar qəbul edərsə, biz inanırıq ki, 2006-cı il münaqişənin həlli üçün "imkanlar pəncərəsi" olacaq", - deyə o vurğulayıb.

M.Brayza qeyd edib ki, ABŞ Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. "Hazırda biz hərbi, təhlükəsizlik, energetika sahələrində, demokratik və iqtisadi islahatlar üzrə çox gözəl əməkdaşlıq edirik. İlham Əliyevin Vaşinqtona səfəri bu əməkdaşlığın inkişafı üçün uğurlu olub və biz növbəti həftə və aylarda əməkdaşlığımızı genişləndirəcəyimizə ümid edirik", - deyə M.Brayza Trend ə müsahibəsində bildirib.

Xəbər lenti

Xəbər lenti