Avropa Şurası (AŞ) Azərbaycan bələdiyyələrinin 3 assosiasiya yaratmaq haqqında qərarına hörmətlə yanaşır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyunun 28-də Bakıda keçirilən mətbuat konfransında Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Halvdan Skard bəyan edib.
Onun sözlərinə görə, iyunun əvvəlində Azərbaycan bələdiyyələrinin rəhbərləri tərəfindən qəbul olunmuş qərara əsasən, ölkədə şəhərlər, kəndlər və qəsəbələr səviyyəsində bələdiyyələrin assosiasiyaları yaradılacaq. Lakin onun dediklərinə görə, həmin assosiasiyaların fəaliyyəti müəyyən qurum tərəfindən əlaqələndirilməlidir.
"Konqress respublikada yerli demokratiyanın bərqərar edilməsini dəstəkləməkdə maraqlıdır və bu, mənim Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti qismində Azərbaycana səfər etməyimin səbəblərindən biridir" - deyə H.Skard bildirib.
Bakı merinin seçilməsi məsələsinə toxunan H. Skard deyib ki, Konqres rəhbərliyi paytaxtda seçkilərin keçirilməsi vacibliyini dəfələrlə vurğulayıb. "Hesab edirəm ki, bu addım Azərbaycanda yerli demokratiyanın inkişaf etdirilməsi baxımından müsbət olardı" - deyə o qeyd edib.
Bununla yanaşı, H.Skard deyib ki, Azərbaycan səfərinin yekunları barədə hər hansı bir bəyanat verilməyəcək.