...

Heydər Əliyev Fondu təhsil sahəsində yeni proqram həyata keçirməyə başlayıb

Siyasət Materials 5 İyul 2006 17:22 (UTC +04:00)
Heydər Əliyev Fondu təhsil sahəsində yeni proqram həyata keçirməyə başlayıb

Heydər Əliyev Fondu təhsil sahəsində yeni proqram həyata keçirməyə başlayıb. Trend in verdiyi xəbərə görə, proqramın həyata keçirilməsi bu günkü tədbirdə Rusiyada nəşr edilmiş təxminən 5000 kitabın Azərbaycanın ali təhsil müəssisələrinin kitabxanalarına verilməsi ilə başlayıb.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban Əliyeva tədbirdə qeyd edib ki, Heydər Əliyev Fondunun fəaliyyətinin istiqamətlərindən biri Azərbaycanın təhsil sisteminin təkmilləşdirilməsinin dəstəklənməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsidir.

Fond tərəfindən həyata keçirilən proqramlar arasında Mehriban Əliyeva "Yeniləşən Azərbaycana - yeni məktəblər", "Təhsilə yardım" və s. proqramların adını çəkib. Bu proqramlar çərçivəsində Azərbaycanda 132 məktəb tikilib, daha 50 məktəb yeni tədris ilində istismara veriləcək, 23 internat əsaslı surətdə təmir olunub.

"Bu gün ali təhsil müəssisələrinin kitabxanalarının müxtəlif dərsliklər, dərs vəsaitləri və ədəbiyyatla tamamlanmasına yönəlmiş yeni proqramın reallaşmasına start verildi", - deyə o qeyd edib.

Kitablar siyasət, iqtisadiyyat, səhiyyə, pedaqogika, mədəniyyət, incəsənət, memarlıq, turizm, idman, informasiya texnologiyaları, avtomatika, kriminologiya, maliyyə, jurnalistika və s. sahələri əhatə edir. Onlar Azərbaycanın 14 aparıcı ali təhsil müəssisəsinə veriləcək.

Heydər Əliyev Fondu prezidentinin sözlərinə görə, bu gün ölkənin bir çox universitetlərinin dərs vəsaitləri köhnəlib və metodologiyanın müasir tələbatlarına cavab vermir. Mehriban Əliyeva verilən əksər dərslik və dərs vəsaitlərini Azərbaycan dilinə tərcümə etməyi, tədris proqramlarının vahid şəklə salınmasını təklif edib.

Onun fikrincə, "Azərbaycan dili və ədəbiyyatı", "Tarix", "Coğrafiya" kimi humanitar fənlər üzrə dərsliklərin hazırlanması zamanı milli xüsusiyyətlər nəzərə alınmalıdır. Fondun prezidenti bu məsələdə ali təhsil müəssisələrinə istənilən yardımı göstərməyə hazır olduğunu bildirib, müxtəlif fiziki çatışmazlıqları olan uşaqlar üçün internatlara dərsliklərin hazırlığını isə fond öz üzərinə götürüb.

İlin sonunadək fond həmçinin fransız, alman və ingilis dillərindəki dərs vəsaitlərinin sərgisini təşkil etməyi planlaşdırır.

Mərasimdə Bakı Dövlət Universitetinin, Tibb Universitetinin, İqtisadi Universitetin və başqa ali təhsil müəssisələrinin rektorları çıxış ediblər. Onlar Heydər Əliyev Fondunun və şəxsən onun prezidenti Mehriban Əliyevanın elm, tibb, mədəniyyət və incəsənətin inkişafına dəstəyi, milli-mənəvi dəyərlərin qorunması, həmçinin Azərbaycanın təhsil sisteminin təkmilləşdirilməsi, onun keyfiyyətinin yaxşılaşdırılması üçün göstərdiyi xidmətləri yüksək qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti