...

İyun ayında Azərbaycanın sərhəd rejiminin pozulması üzrə 14 cəhd qeydə alınıb

Siyasət Materials 6 İyul 2006 15:30 (UTC +04:00)

Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) iyun ayında sərhəd rejiminin pozulması üzrə 14 cəhdin qarşısını alıb. Nəticədə 8 İran vətəndaşı, 4 Azərbaycan, 4 Gürcüstan, 3 Pakistan və 1 Əfqanıstan vətəndaşı saxlanılıb. Trend in verdiyi xəbərə görə, bu barədə DSX-in mətbuat mərkəzinin məlumatında deyilir.

Bundan başqa, axtarışda olan 48 nəfər şəxs saxlanılıb, 3 ədəd əl qumbarası, 1 ədəd 5,45 mm-lik patronlar üçün daraq, 1 ədəd ov tüfəngi və 1 ədəd avtomat silah, 2 ədəd boş daraq, 1 ədəd "RQD-5" qumbarasının detonatoru, 1 ədəd siqnal tapançası, 1536 ədəd müxtəlif patron götürülüb.

Ay ərzində sərhədçilər 17,2 kq narkotik maddənin keçirilməsinin qarşısını alıb. 2 İran vətəndaşı 2,5 kq narkotik maddə ilə saxlanılıb. İki İran vətəndaşı isə təqib zamanı əllərindən 14,7 kq narkotik maddəni ataraq, sərhədçilərdən qaçmağa nail olub. Bununla yanaşı, sərhəd xidməti əməkdaşları 7 tondan artıq narkotik maddə yandırıblar.

Qeyri-leqal miqrasiyaya qarşı mübarizədə 15 azərbaycanlı, 4 Honqkonq vətəndaşı, 3 İran vətəndaşı və bir neçə Türkiyə, İsrail və Malayziya vətəndaşları saxta sənədlə saxlanılıblar. 6 Azərbaycan vətəndaşı və bir Gürcüstan vətəndaşı isə digər şəxslərə aid sənədlərlə saxlanılıblar. Müxtəlif ölkələrdən olan 53 vətəndaş müvafiq sənədləri olmadığından saxlanılıblar. Həmçinin 32 nəfər Türkiyə, Suriya, Hindistan, Çin və bəzi digər ölkələrin vətəndaşları vizalarının olmaması səbəbindən saxlanılıb.

Sərhəd xidmətinin əməkdaşları tərəfindən 900 kq nərə balığının, 34 kq-dan artıq qara kürünün, 60 min ABŞ dolları məbləğində qızıl-zinət əşyalarının, həmçinin müxtəlif miqdarda siqaret, spirtli içki və s. qaçaqmalçılıq mallarının qanunsuz keçirilməsinin qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti