...

Azərbaycanın görkəmli kinorejissoru Rasim Ocaqov vəfat edib

Siyasət Materials 11 İyul 2006 14:02 (UTC +04:00)
Azərbaycanın görkəmli kinorejissoru Rasim Ocaqov vəfat edib

Bu gün Azərbaycanın görkəmli kinorejissoru Rasim Ocaqov Bakıda vəfat edib.

Rasim Ocaqov 1933-cü ildə Şəkidə anadan olub. Elə burada da orta məktəbi bitirib. 1951-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsinə daxil olub və 1956-cı ildə oranı bitirib. Daha sonra Bakıya qayıdan R.Ocaqov "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. 1967-ci ildə Dövlət Teatr İnstitutunun rejissorluq fakultəsini bitirib.

Əvvəlcə R.Ocaqov "Onun böyük ürəyi" (1859), "Əsl dost" (1959), "Mən rəqs edəcəm" (1962), "Bir cənub şəhərində" (1969 q), "Əsas müsahibə" (1971) və digər filmlərin quruluşçu operatoru olub.

1974-cü ildən o, baş rejissor kimi filmlər çəkməyə başlayır. Rasim Ocaqov "İstintaq" (1979), "Ad günü" (1977), "Bağlı qapı önündə" (1981), "Qətldən 7 gün sonra" (1990), "Təhminə" (1993), "Otel otağı " (1998) və tamaşaçı məhəbbəti qazanmış bir çox digər bədii filmlərin quruluşçusu rejissorudur.

Rasim Ocaqov cəmi 13 tammetrajlı film çəkib. Onun filmləri dəfələrlə müxtəlif beynəlxalq festivallarda mükafata layiq görülüb. O, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR dövlət mükafatı laureatı və Azərbaycanın xalq artisti adlarına layiq görülüb.

Trend agentliyinin kollektivi mərhumun yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir.

Xəbər lenti

Xəbər lenti