...

Azərbaycan prezidenti iyulun 21-22-də Moskvaya səfər etmək niyyətindədir

Siyasət Materials 19 İyul 2006 17:23 (UTC +04:00)

Azərbaycan prezidenti iyulun 21-22-də Moskvaya səfər etməyi planlaşdırır.

Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin artıq bir neçə ildir ki, MDB ölkələri liderlərini Moskvaya, qeyri-rəsmi sammitdə iştirak etməyə çağırır. Görüşün qeyri-rəsmi olması ilə əlaqədar onun proqramı və gündəliyi hazırlanmır.

"Belə görüşlərin müsbət mahiyyəti qeyri-rəsmi söhbətlər zamanı qarşılıqlı maraq doğuran mövzular qaldırmaqdan və müzakirə etməkdən ibarətdir",- deyə N.Məmmədov bildirib. O əlavə edib ki, regional və beynəlxalq xarakterli məsələlər də nəzərdən keçirilə bilər.

N.Məmmədov qeyd edib ki, bu görüş maraqlı olacaq. Rusiya prezidenti bu yaxınlarda Böyük Səkkizliyin Sankt-Peterburqda keçirilmiş sammitinin yekunları barədə məlumat verəcək.

"Bu sammitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ ətrafındakı məsələlərin müzakirə olunduğunu nəzərə alsaq, bu, bizim üçün mühüm əhəmiyyət kəsb edir",- deyə N.Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti