...

Elmar Məmmədyarov Belarus Respublikasnın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 20 İyul 2006 18:27 (UTC +04:00)

20 iyul 2006-cı il tarixdə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Nikolay Paskeviçi qəbul etmişdir.

İlk öncə Belarus Xarici İşlər Nazirinin salamlarını çatdıran səfir etimadnaməsinin surətini Nazirə təqdim etmiş və Bakıda Belarus səfirliyinin açılmasını yüksək qiymətləndirərək, bu addımın münasibətlərin daha da möhkəmlənməsinə və əlaqələrin daimi əsasda inkişaf etməsinə şərait yaradacağını bildirmişdir. Səfir həmçinin bu istiqamətdə nazirliklər arasında məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini önə çəkmişdir. Belarus tərəfinin bütün sahələrdə əməkdaşlığa hazır olduğunu bildirən qonaq iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasını, toxuculuq, kimya, meyvə-tərəvəz və hazır məhsulların mübadiləsini, birgə müəssisələr yaradılmasını, paytaxtlar arasında işgüzar əlaqələrin qurulmasını vacib saymışdır.

Öz növbəsində nazir Elmar Məmmədyarov da Belarus səfirliyinin açılmasını müsbət hal kimi qiymətləndirərək, bu hadisəni ikitərəfli münasibətlərin inkişafında vacib amil hesab etmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Belarus tərəfinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini mühüm addım hesab edən nazir Azərbaycanın hüquqi dövlət quruculuğu yolunu seçdiyini və beynəlxalq hüquqi prinsiplərə əsaslanaraq ərazi bütövlüyünü bərpa etməkdə israrlı olduğunu nəzərə çatdırmışdır.

O, ticarət dövriyyəsinin artırılmasında Azərbaycanın da maraqlı olduğunu bildirərək, həmçinin digər sahələrdə əməkdaşlığa hazır olduğunu qeyd etmişdir. Nazir mühüm vəzifələrdən biri kimi qeyri-neft sektorunun inkişaf etdirilməsinin, iqtisadi sahələrin diversifikasiyasının həyata keçirilməsinin vacibliyini nəzərə çatdırmışdır. Azərbaycanda turizm üçün əlverişli iqlim şəraitinin olduğunu qeyd etmiş, turizm, mədəniyyət, humanitar, idman sahələrində də əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulamışdır.

Belarus səfiri isə Bakıda ölkəsinin milli sərgisini təşkil etmək, iş adamlarının biznes forumunu keçirmək, bir sıra müəssisələrinin nümayəndələrini ölkəmizə dəvət etmək kimi təşəbbüslərin nəzərdə tutulduğunu bildirmişdir. Birgə iqtisadi əməkdaşlıq üçün Azərbaycanda geniş potensialın, kadrlar və imkanların olduğunu qeyd etmişdir.

Xəbər lenti

Xəbər lenti