"Azərbaycan Respublikası Konstitusiyasında bir sıra dəyişiklik və dəqiqləşmələr aparılmasına ehtiyac var". Bu fikirləri Trend ə açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bildirib.
O qeyd edib ki, Azərbaycanda hakimiyyət bölgüsünə yenidən baxılmalı, hakimiyyət qanadlarının səlahiyyətləri təkmilləşdirilməli, bir sıra terminlər dəqiqləşməli, qarışıq seçki sistemi formalaşdırılmalı, bələdiyyə orqanlarının səlahiyyətləri genişləndirilməli, prokurorluq orqanları məhkəmə sisteminin tərkibindən çıxarılmalı və digər dəyişikliklər edilməlidir.
"Parlamentin səlahiyyətləri genişləndirilməsi və onun hökumət üzərində nəzarəti artırılmalıdır. Elə bir sistem qurulmalıdır ki, hakimiyyətin bir qolu qərarlar qəbul edərkən digər bir qolunun səlahiyyətlərinə müdaxilə etməsin. Həmçinin bütün qolların özünə qarşı bu kimi müdaxilələrin qarşısını almaq səlahiyyəti olmalıdır. Bu gün Azərbaycanda hakimiyyət bölgüsü real məzmuna malik deyil, Konstitusiyada bu boşluq aradan qaldırılmalıdır. Həmçinin elə prosedurlar var ki, sondadək həllini tapmayıb"-deyə hüquqşünas bildirib.